Rusiyadakı azərbaycanlılar real fəaliyyətə keçməlidirlər - SƏBƏB BUDUR

“Qarabağ probleminin həlli Azərbaycandan çox - çox uzaqlardan başlayır”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a Qarabağ münaqişəsinin həllinin gecikməsinin səbəblərindən danışıb.
Politoloq hesab edir ki, hər bir dövlətin milli təhlükəsizliyi, təhlükəsizliyinə təhdidlər minlərlə kilometr uzaqlardakı ərazilərdə həllini tapmalıdır:
“Azərbaycanın ən böyük dərdi - Qarabağdır. Bəs Qarabağ haradan başlayır? Şuşadan, Xankəndidən? Bəlkə Azərbaycan - Ermənistan sərhəddindən? Cavab: heç birindən. Hələ XVII əsrdə hakimiyyətdə olan XII KARL İsveçin apardığı müharibələrə haqq qazandırmaq üçün belə deyirdi: İsveçin təhlükəsizliyini qorumaq üçün qonşularla müharibələrə ehtiyac var.
Bunu müasir leksikona uyğunlaşdırsaq, belə başa düşülür ki, hər bir dövlətin milli maraqlarının reallaşması təkcə ölkə daxilində deyil, həm də ölkə xaricindəki çağırışlardan asılıdır. Bu çağırışlardan biri də diasporalarımızdır. Təbii ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında ölkədən kənarda yaşayan soydaşlarımız mühüm yer tuturlar. Bu sahədə, Rusiyadakı həmyerlilərimizi xüsusi qeyd etmək lazımdır. Onların hər il ölkə iqtisadiyyatında pul köçürmələri və investisiyalar vasitəsi ilə oynadıqları rol təsəvvür etmədiyiniz qədərdir. Təxmini statistikaya əsasən, hər il Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülür. Bununla bərabər, ADNA terroru, Gəncə hadisələri bir daha göstərdilər ki, oradakı resurslarımızı Azərbaycan dövlətçiliyi əleyhinə də istifadə edən qüvvələr var”.
Politoloq vurğulayıb ki, ölkəmiz diaspora sahəsində birlik, təşkilatlanma kimi məsələlərdə, bir sıra problemlərlə üzləşir:
“Beləliklə, Rusiyada yaşayan milyonlarla azərbaycanlı ölkədən uzaqda olsa da, respublikamızın siyasi, iqtisadi, təhlükəsizlik sahələrində heç də az əhəmiyyətli çəkiyə malik deyillər. Rusiyada milyonlarla azərbaycanlının yaşadığını nəzərə alsaq, bu problem daha da aktual hal alır. Bu illər ərzində demək olar ki, məqsədsiz və nəticəsiz şəkildə təşkilatlanmış bütün təşkilatlarımız artıq real fəaliyyətə keçməlidir. Son vaxtlar Rusiyadakı diaspora təşkilatları ətrafında baş verənlər göstərir ki, kimlərsə bizim güclü, həmrəy olmağımızdan narahatlıq keçirir. Olduqca mürəkkəb diaspora quruluşuna malik olan Rusiyada milyonçularımız, ziyalılarımız, böyüyündən - kiçiyinə kimi hər birimiz həmrəylik nümayiş etdirməliyik”.
Z. Məmmədov bildirib ki, Azərbaycan milli maraqları, milli təhlükəsizliyimiz Rusiyadakı həmyerlilərimiz mövzusunu olduqca aktual edir:
“Hadisələr Bakının nəzarəti altında olmalıdır”.
Firuzə Vahid / REDAKTOR.AZ