Erməni deputatlar narahatdır - Azərbaycan "HƏ" desə, NƏLƏR BAŞ VERƏCƏK?

 09:15 11.09.2019     1068

“KTMT-yə üzv olmaq Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermir”.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan parlamentində KTMT ilə bağlı gedən müzakirələrə münasibət bildirib.

Politoloq hesab edir ki, Ermənistanda Azərbaycanın müşahidəçi statusuyla təşkilata qatılacağından narahatdırlar:

“Bir müddət əvvəl Rusiyanın təşəbbüsü ilə təşkilata müşahidəçi ölkə və ya ölkələrin qəbulu təklifi irəli sürülmüşdü. Bu təklif təşkilatın nizamnaməsində əks olunmalıdır.

Ermənistan parlamentində müzakirələr zamanı nizamnaməyə ediləcək əlavədən narazılıq ifadə edilib. İrəvanda ondan da ehtiyat edirlər ki, bu Rusiyanın maraqlarına cavab verir. Xarici işlər nazirinin müavini Şavarş Köçəryan parlamentdəki çıxışı ilə erməni deputatları sakitləşdirməyə çalışıb. O deyib ki, təşkilata istənilən dövlətin üzvlüyü və ya müşahidəçi statusu ilə qatılması konsensusla həll olunacaq. Yəni Köçəryan demək istəyib ki, Ermənistanın razılığı olmadan Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər, nə də müşahidəçi statusunda qatıla bilər”.

Politoloq Ermənistan parlamentində müzakirələr zamanı təşkilatın nizamnaməsinə əlavə olunması istənilən bəndə də münasibət bildirib:

“Onlar KTMT-yə üzv dövlətlərin təşkilata üzv olan digər dövlətinə düşmən olan ölkəyə silah sata bilməməsi bəndinin nizamnaməyə əlavə olunmasını istəyir. Yəni KTMT üzvü olan Rusiya və Belarusun Ermənistanın düşməni Azərbaycana silah və hərbi texnika satmasına bu yolla mane olmaq istəyirlər. Hər yerdə Azərbaycanı ittiham etməkdə yorulmayan Şavarş Köçəryan belə təklifin absurd olduğunu, Rusiya və Belarusa şərt diqtə etməyin mümkünsüzlüyünü anlayaraq deputatların təklifinin hamı tərəfindən qəbul olunmayacağını bildirib. Şavarş Köçəryan deputatları sadəcə bu şəkildə sakitləşdirib ki, üzv dövlətlər bir-birlərinə silah alışında və satışında güzəştlərə malikdirlər”.

E. Şahinoğlu vurğulayıb ki, ötən il bu vaxtlar Azərbaycan parlamentinin bir neçə deputatı bu mövzuda açıqlama vermişdi:

“Bəziləri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması gərəkliyini əsaslandırmağa çalışırdı. Həmin deputatlarla qiyabi polemikaya girərək, işğal davam etdiyi dövrdə KTMT-yə üzvlüyün bizim üçün hansı mənfi nəticələrə gələ biləcəyini bildirdim. Yaxşı yadımdadır, televiziya kanallarından biri mənimlə təşkilata üzvlüyü dəstəkləyən deputatın debatını təşkil etmək istədi, dərhal razılaşdım, ancaq qarşı tərəf debata maraq göstərmədi. Çünki necə izah edəsən ki, torpaqlarımızı işğal edən dövlətlə eyni hərbi blokda var olmaq mümkündür? Bundan böyük absurd ola bilməz. Bu ona bənzəyərdi ki, NATO-nun bir dövləti o birin üzv dövlətin ərazisini işğal edib və hər iki dövlət heç nə olmamış kimi hərbi blokda əməkdaşlığı davam etdirirlər”.

Politoloq bildirib ki, “Azərbaycan KTMT-yə üzv ola bilər” deyənlərə cavabı bir neçə ay sonra prezident İlham Əliyev verdi:

“Bununla da bu haqda danışan deputatlarımız bir daha “Azərbaycan və KTMT” mövzusuna qayıtmadılar. Ancaq bu o demək deyil ki, onlar bir daha bu mövzuya qayıtmayacaqlar. Ermənilər bizi KTMT-də görmək istəmirlər və bu təşkilat Rusiya-Ermənistan hərbi ittifaqından ibarətdir. Onda biz niyə ora üzvlüyə və ya müşahidəçi olmağa çalışmalıyıq?!”.

Firuzə Vahid / REDAKTOR.AZ