Tramp Boltondan niyə imtina etdi? -TÜRKİYƏNİ GÖZLƏYƏN AQİBƏT...

ABŞ prezidenti öz “Qırğı” komandasından azad olmağa çalışır.
Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Con Boltonun ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilməsinə münasibətini açıqlayıb.
Politoloq hesab edir ki, Bolton Trampın İran siyasətini dəyişməsi nəticəsində vəzifədən azad edildi:
“Tramp əvvəlcə, Suriyada müharibənin qatı tərəfdarı olan müdafiə naziri- “quduz köpək” ləqəbli Mattisi vəzifədən azad etdi. Baxmayaraq ki, Mattis özü istefa verdiyini bəyan etmişdi. İndi isə, əsas xarici siyasət strategiyasını həyata keçirən Con Boltonu istefaya göndərdi. Bu, o məqamda baş verdi ki, İranla ABŞ arasında Fransanın vasitəçiliyi ilə danışıqların aparılması müzakirə olunur”.
Politoloq vurğulayıb ki, Tramp gələn il seçkilərinə müharibə vəziyyətində getmək istəmir:
“Con Bolton qatı anti-İran tərəfdarı idi. O, İranın bombalanmasının tərəfdarı idi və qəti şəkildə danışıqları rədd edirdi. Təbii ki, Tramp bununla razılaşa bilməzdi və o, öz siyasi reytinqini qorumaq üçün daha vacib olan addımı ataraq, Yaxın Şərq siyasətində diplomatik danışıqlara üstünlük verdi”.
M. Əsədullazadə qeyd edib ki, Bolton həm də anti-Türkiyə siyasətini həyata keçirirdi:
“Tramp artıq Türkiyə və İran siyasətində danışıqlara üstünlük verəcək. Vaşinqton heç də İrana qarşı sanksiyalar xəttini əsas götürməyəcək. Amma müharibə ehtimalı, elə ehtimal olaraq qalacaq. Donald Tramp dövlət katibi Pompeonu da vəzifədən azad edə bilərdi. Amma Pompeo Trampın dedikləri ilə razılaşdığı üçün vəzifəsini qoruyub saxlayacaq”.
Xatırladaq ki, Bolton dünən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilib. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Çarli Kupperman icra edəcək.
Firuzə Vahid / REDAKTOR.AZ