"ABŞ-ın Qarabağla bağlı yanaşması dəyişdi" - NƏLƏR BAŞ VERİR?

 17:15 11.09.2019     656

ABŞ-ın Dağlıq Qarabağla bağlı yanaşması dəyişib.

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında Con Boltonun gözlənilməz istefasının ABŞ-ın Dağlıq Qarabağ siyasətinə hansı təsirləri olacağına aydınlıq gətirib.

Ekspert hesab edir ki, təxminən 3 ildir ki, (Tramp prezident seçiləndən sonra) ABŞ-ın Dağlıq Qarabağla bağlı siyasətinin dəyişməsi müşahidə edilir:

“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşması iki prioritet istiqamət üzrə dəyişib. Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinin dəyişəməsini, daxili və xarici siyasət məqamlarında olan dəyişikliklər şərtləndirirdi. Bu ölkənin Dağlıq Qarabağ siyasətinin dəyişməsini şərtləndirən məqamlardan biri, rəsmi Vaşinqtonun Avropanın enerji təhlükəsizliyinə yönəlik siyasəti idi. İkincisi, ABŞ-ın sırf Cənubi Qafqaza yönəlik siyasəti də dəyişmişdi. Yəni Amerikanın transmilli iqtisadi maraqlarının Cənubi Qafqazdan keçən nəqliyyatlardakı gözləntiləri və Cənubi Qafqazın coğrafi mövqeyinin dəyişən məqamları ilə bağlı yaaşmaları dəyişib. Çünki son illərdə ABŞ və digər dünya gücləri yaxşı başa düşür ki, Cənubi Qafqaz Yaxın Şərqlə, Mərkəzi Asiya və Avropa arasındakı kommunikasiyalarda açar rolunu oynayır. Bu regiona nəzarət etmək istəyən, etmək iddiasında olan və edən istənilən qüvvə Avropa, Mərkəzi Asiya, Yaxın Şərq arasında balansı qorumağa çalışır. Buna görə də Cənubi Qafqazın ən strateji konfliktlərindən biri olan və Avropanın təhlükəsizliyi üçün açar rolu oynayan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına cəhdlər ABŞ siyasətində öz əksini tapır”.

Y. Hacıyeva bildirib ki, digər tərəfdən Dağlıq Qarabağ konfliktinə yanaşmanın dəyişməs,i ABŞ-ın Yaxın Şərqə yönəlik siyasətinin dəyişməsi ilə əlaqədardır:

“Dağlıq Qarabağ konflikti və bu konfliktin təşəbbüskarı olan Ermənistanın bu münaqişənin idarə olunmasına, nizamlanmasına yönəlik manipulyasiyası ABŞ-ın Yaxın Şərq və daxili təhlükəsizliyinə hədə oldu. Məsələ ondadır ki, ABŞ Konqresində təşəkkül tapmış erməni milli assambleyası, erməni lobbi qrupunun Dağlıq Qarabağ mövzusu ətrafında apardığı manipulyasiya Birləşmiş Ştatların bu regionda olan iqtisadi, təhlükəsizlik və s. maraqlarına zərbə oldu. Ümumiyyətlə, Ermənistanın bu regionda İranla münasibətlərini də unutmaq olmaz. ABŞ konqresində ilk dəfə tətbiq edilən sanksiyalardan İranın canını qurtarma məsələsində, Ermənistandan istifadə cəhdlərinin olduğu fikri səsləndirildi. Ona görə də ABŞ-ın Dağlıq Qarabağla bağlı yanaşması birmənalı dəyişdi”.

Firuzə Vahid / REDAKTOR.AZ