Xarici investor Paşinyanı 2 milyard dollar təzminatla hədələdi - Əyalətlər NİKOLA QARŞI ÇIXIR

 13:54 12.09.2019     1525

Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər.

Redaktor.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanda Amulsar qızıl mədəni ətrafında baş verən qalmaqalın səbəblərinə aydınlıq gətirib.

Politoloq deyib ki, bu qalmaqal artıq 1 ildir ki, davam edir:

“Amulsara ən yaxın rayon olan Cemrukda aylardı kı, hökumət əleyhinə aksiyalar davam etməkdədir. Amulsar qızıl mədəni Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Ehtimallara görə, mədəndə 31 milyon ton filiz, 40 ton qızıl var. Dünən, parlamentdə hökumət saatı zamanı Nikol Paşinyan millət vəkillərinin suallarını cavablandırarkən, faktiki olaraq Amulsar ətrafında yerli əhali ilə razılaşmadığını dilə gətirib. Keçən ilin bu vaxtı parlament seçkilərinə 3 ay qalmış Paşinyan tamamilə fərqli çıxışlar edirdi. O bildirirdi ki, Amulsar mədəni Göyçə gölünün və Cemrukun ekologiyasına mənfi təsir göstərəcəksə, o zaman onun istismarından söhbət belə gedə bilməz. Əslində Ermənistan Baş nazirinin davranışında qeyri-adi heç nə yoxdur”.

Z. Məmmədov vurğulayıb ki, populist və demaqoq siyasətçilərdən olan Paşinyan, hakimiyyətə gələndən sonra verdiyi heç bir sözə əməl etməyib:

“Bu isə, erməni cəmiyyətində Paşinyana olan simpatiyanın hər ay daha da aşağı düşməsinə gətirib çıxarır. Yayın sonuna olan sosioloji sorğulara görə, artıq Ermənistan əhalisinin yarıya qədəri Paşinyana simpatiya bəsləmir. Amma düz bir il əvvəl Paşinyana olan rəğbət 90 %-dən çox idi”.

Politoloq qeyd edib ki, Amulsar mədəni Ermənistan hökuməti üçün istər maliyə, istərsə də siyasi baxımdan əhəmiyyətlidir:

“Faktiki olaraq bu gün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər. Keçən ay Daşnaksütun partiyası Amulsarla bağlı referenduma ehtiyacın olduğunu bəyan etmişdi. Sasna Tser partiyasının üzvlərindən biri isə, ötən həftə Paşinyanla görüşdən sonra Amulsarla bağlı Baş nazirin atacağı hər hansı addımın onun siyasi karyerasını müəyyənləşdirəcəyini açıq şəkildə qeyd etmişdi”.

Z. Məmmədov əslində Amulsar mədəni ətrafında nə baş verdiyinə aydınlıq gətirib:

“Əslində Amulsar ətrafında baş verənlərlə Qırğızıstandakı yataqlar ətrafında baş verənlər arasında paralel aparmaq olar. Yeri gəlmişkən, Amulsar ətrafında baş verənlər ABŞ və Rusiyanın İrəvandakı səfirliklərinin ciddi nəzarəti altındadır. Hələ 2018-ci ildə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills erməni hökumətinə mədənin istismarının vacibliyini qeyd edirdi”.

Politoloq Amulsarı ABŞ üçün bu qədər önəmli edən məqamlara da toxunub:

“Bu yaxınlarda Ermənistandakı Amerika Ticarət palatası “Lydian İnternational” kompaniyasının istismar etməli olduğu Amulsar qızıl yatağı ilə bağlı Paşinyana məktub ünvanlayaraq, problemin tez bir şəkildə investorun lehinə həll edilməsinə ümid etdiklərini bildirmişdi. Məsələ burasındadır kı, bir ildən çoxdur kı, şirkət qızıl və filiz yataqlarında iş apara bilmir. Bir müddət əvvəl “Lydian İnternational” şirkəti Paşinyan hökumətini beynəlxalq məhkəməyə müraciət edərək 2 milyard dollarlıq iddia qaldıracaqları ilə hədələmişdi. Məhz bundan sonra, Nikol Paşinyan yerli əhalini ölkə qanunlarını pozmaqda ittiham edərək, onların cəzasız qalmayacağını bildirmişdi. Bugünlərdə ABŞ-ın İrəvandakı səfiri, eyni zamanda Amerika Ticarət palatası nümayəndələri Amulsar ətrafında baş verənlərin ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi”.

Politoloq bildirib ki, digər tərəfdən Ermənistanda dağ-mədən yataqları ilə bağlı ekoloji problemlər nədənsə Çin və Rusiya şirkətlərinin istismar etdikləri regionlarda nəzərə alınmır:

“Amma bu tip problem "Lydian İnternational" kompaniyasının investoru olduğu bölgədə qabardılmaqdadır. Hər halda, ortada olan bir məsələ birmənalıdır- Paşinyan xalqı qarşısında ikiüzlü oyun aparır. Amma investisiyalar üçün qapı-qapı düşən Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər. Bu, bəlli olan məsələdir. Bütün bunlar Ermənistanda hüququn işləmədiyinin daha bir göstəricisidir. Deməli, ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağda yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunmaqdadır”.  

Firuzə Vahid / REDAKTOR.AZ