Rusiya Cənubi Qafqaza nəzarəti tam ələ keçirir: Azərbaycanın "dostu" niyə getdi?

 15:00 12.09.2019     1257

“Bolton öz missiyasını yerinə yetirdi”.

Redaktor.az bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Con Boltonun istefasının gizli məqamlarına aydınlıq gətirib.

Politoloq hesab edir ki, silahlanmaya qarşı nəzarət Boltonun sayəsində heçə endirildi:

“Məhz o, hələ 2000-ci illərin əvvəllərində Moskvaya gələrək, nüvə silahı ilə bağlı ABŞ-ın bütün razılaşmalardan çıxacağı haqda bəyan etmişdi. Keçən ilin payızında isə, Kremldə görüşü zamanı ABŞ-ın müqavilələri tərk edəcəyini birbaşa olaraq Rusiya rəhbərliyinə çatdırmışdı. Göründüyü kimi “bığ” Bolton uzun illərdir ki, ABŞ-ın dərin dövlət maraqlarının reallaşdırılması ilə məşğul idi. Boltonun qarşısında yenidən silahlanma yarışını davam etdirəcək iki müqavilə var idi: raket əleyhinə müdafiə, yaxın və orta mənzilli raketlərlə bağlı razılaşmaların ləğvi. O da buna nail oldu”.

Politoloq bundan sonra hansı prosesləri müşahidə edəcəyimizə də aydınlıq gətirib:

“Pentaqon və ona yaxın şirkətlər Boltonun fəaliyyətindən məmnundular. İndi, o, gedə bilərdi, getdi də... Bu arada, onun gedişi Rusiya və İran kimi ölkələri sevindirməyə bilməz. ABŞ-ın bu ölkələrə qarşı ənənəvi siyasəti bir qədər yumşaq və fərqli formada davam edəcək”.

Z. Məmmədov Boltonun istefasını Azərbaycan aspektindən də dəyərləndiirb:

“ABŞ-ın ən son Klinton dönəmində Cənubi Qafqazda fəal olduğunu nəzərə alsaq, uzun müddət idi ki Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə biganə yanaşırdı. Buş dönəmində ABŞ Azərbaycandan yalnız istifadə edirdi. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var. ABŞ-ın son iki ildə Cənubi Qafqazda fəallaşmasını Boltonun adına yazmaq olardı. Hətta KİV-də “Bolton planı”ndan, Lavrovun Boltonun Cənubi Qafqaza siyasi müdaxiləsindən qəzəbləndiyi haqda da yazılar gedirdi. Yeni namizədin Qafqaza maraq göstərməyəcəyi birmənalıdır. Bölgədəki bütün hadisələr Kremlin nəzarəti altında davam edəcək”.

Firuzə Vahid / REDAKTOR.AZ