Qonşularımızda nələr baş verir? -"Baş verənlər, BİZƏ TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK"

 18:00 12.09.2019     496

Ermənistandakı dinc inqilabdan sonra daha 3 qonşumuz dəyişikliklər mərhələsinə qədəm qoyub.

Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli son zamanlar Gürcüstan, Türkiyə və Rusiyada gedən proseslərə aydınlıq gətirib.

Politoloq hesab edir ki, ətrafımızdakı bu proseslərin bizə, şablon ifadə ilə desək, təsirsiz ötüşməsi qeyri-mümkündür:

“Bu gün Gürcüstanın zəngin iş adamlarından olan Mamuka Xazaradze “Lelo” adlı yeni ictimai hərəkat yaratdığını elan etdi. Bu hərəkat qısa müddətdə siyasi partiyaya çevriləcək və qələbə iddiası ilə 2020-ci il parlament seçkilərinə qatılacaq. Lelo qədim gürcü xalq idman növüdür və reqbiyə oxşayır. Yəqin bu səbəbdən Gürcüstanın reqbi yığması dünyanın ən güclü komandaları arasındadır. Xazaradze Gürcüstan cəmiyyətində artan narazılıq fonunda İvanişvili üçün real təhlükədir, məhz bu səbəblə onun və ortağı Badri Caparidzenin barəsində “çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açılıb. Xazaradze “TBC Bank”ın təsisçisi və Müşahidə Şurasının sədri, bank isə strateji əhəmiyyəti çox böyük olan Anaklia layihəsinin investoru idi. Cinayət işindən sonra iş adamı layihəyə zərər verməmək üçün bank rəhbərliyindən istefa verdi və layihənin icrasından uzaqlaşdı. Xazaradze bugünkü tədbirini də məhz Anakliada keçirdi. Dəniz sahilində gənclərin iştirakı ilə qeyri-standart, kreativ bir təqdimat oldu”.

Ş. Cəfərli vurğulayıb ki, Xazaradze iddialı şəkildə siyasi səhnəyə çıxır:

“O, əlindəki maliyyə imkanları ilə bərabər, həm də topluma İvanişvilinin ənənəvi qütbləşdirici (“ya mən, ya Saakaşvili”) siyasəti xaricində real alternativ (üçüncü yol) təqdim edir. Ola bilər onun partiyası təkbaşına parlamentdə çoxluğa nail olmasın, amma Qriqol Vaşadzenin liderliyindəki Birləşmiş Müxalifət (nüvəsini Vahid Milli Hərəkat təşkil edir) və Avropalı Gürcüstan Partiyası (Bakradze-Bokeriya-Uqulava) ilə birlikdə iqtidar koalisiyasının formalaşdırılması ehtimalı yüksəkdir. Qərb də Gürcüstanda növbəti dinc hakimiyyət dəyişikliyində maraqlı görünür”.

Politoloq Türkiyədə gedən proseslərə də toxunub:

“Türkiyədə iqtidar partiyası 31 mart-23 iyun seçkilərindən sonra geriləmə trendinə girib. AKP sürətlə əriməyə başlayıb. Rəsmi məlumata görə, bir il ərzində (2018-ci ilin iyulundan 2019-cu ilin eyni dövrünə qədər) 788.000 nəfər partiyadan çıxıb. Hökumətə yaxın ORC sosioloji araşdırma xidmətinin son rəy sorğusuna əsasən AKP-nin səsi 30%-ə düşüb. Əhməd Davudoğlu və Əli Babacan öz partiyalarını elan etdikdən sonra AKP-dən qopmalar və reytinq eroziyası daha da sürətlənəcək. Əgər müxalifət ötən bələdiyyə seçkilərində olduğu kimi, ağıllı strategiya ilə hərəkət etsə və Cumhur İttifaqı cəbhəsinə keçənlər olmasa, qarşıdakı seçkilərdə (ya növbədənkənar, ya da vaxtında) Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməsi qaçılmaz görünür”.

Ş. Cəfərli bildirib ki, Rusiyada da isə xalq artıq Putinin onları aldatdığını, 20 il sonra ölkənin yenidən böhranlı 90-cı illərin vəziyyətinə qayıtdığını anlamağa başlayıb:

“Orta təbəqə və gənclik bunu başa düşərək dəyişiklik tələb edir, digər təbəqələr də yaxın aylarda vəziyyəti dərk edəcək və ölkədə etiraz potensialı daha da artacaq. Bu gün bütün ölkə boyu Navalnının qərargahlarına qarşı polis-xüsusi xidmət əməliyyatları göstərir ki, Putin hakimiyyəti xalq dəstəyinə söykənən legitimliyini itirir və əsas resurs kimi zorakı güc qalıb. Məqsəd toplumda xof yaradıb, insanları etirazlardan çəkindirmək və rejimin davamlılığını təmin etməkdir”.

Firuzə Vahid / REDAKTOR.AZ