Azərbaycan KTMT-yə gedərsə, nə baş verə bilər? - PROSES DAVAM ETSƏ...

 14:39 13.09.2019     887

Ermənistan parlamenti sentyabrın 11-də “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklikləri nəzərdə tutan protokolları ratifikasiya edib.

Dünən isə Rusiyanın baş nazirinin müavini Azərbaycanın yaxın gələcəkdə KTMT-yə müşahidəçi statusu ilə üzv olacağının mümkünlüyü haqda danışıb. Borisovun ardınca, KTMT-nin baş katibi Valeri Semerikov da Azərbaycanın bu quruma üzv olmasının perspektivi barədə geniş açıqlama verib.

Maraqlıdır, hansı proseslər gedir?

Məsələ ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a danışıb.

Q. Hüseynli hesab edir ki, KTMT-nin statusuna dəyişikliklər çoxdan edilib:

“Orada müşahidəçilik institutu yaradılır. Bu, hələ keçən illərdən başlayaraq, müzakirə edilməyə başlayıb. Azərbaycan, hətta Türkiyənin də buraya qoşulması müzakirə edilirdi. Azərbaycan KTMT-yə, eyni zamanda Avrasiya İqtisadi Birliyinə yalnız ərazi bütövlüyü təmin olunduğu halda daxil ola bilər. Ermənistanla münasibətlərə aydınlıq gətirilmədən, bu mümkün deyil. Azərbaycanın problemləri həll edilmədən, onun bu quruma cəlb edilməsi cəhdləri, rəsmi Bakının Avropaya gedən yolunun bağlanması məqsədini daşıyır. Çünki Azərbaycan Prezidenti hər zaman deyir ki, Avropa Birliyi ilə əlaqələri gücləndirmək, inkişaf etdirmək istəyir. Uzun müddətdir AB ilə əməkdaşlıq haqqında sazişin layihəsi üzərində iş gedir. Birlik cəsarətli addım atıb, işğal altında olan torpaqları Azərbaycanın tərkib hissəsi kimi tanısa və bunu əməkdaşlıq müqaviləsinin mətninə əlavə etsə, ölkəmizin KTMT-yə getməsinə ehtiyac qalmayacaq. Hələ ki, Azərbaycan ona dəstək olan tərəfə doğru addım atmağa məcburdur. Yəni hansı tərəf  bu məsələlərdə ona dəstək olsa, o istiqamətə də gedə bilər”.

Q. Hüseynli "Azərbaycan KTMT-yə gedərsə, qazancı nə ola bilər" sualına da aydınlıq gətirib:

“Azərbaycan bu təşkilata getsə, yeganə üstünlük silah satışı ilə bağlı olacaq. Üzvlər üçün hərbi ləvazimatın satılması imtiyazlı şərtlərlə həyata keçirilir. Ərazi bütövlüyü məsələsində Rusiya mövqe tutsa, rəsmi Bakı KTMT-yə üz tuta bilər. Amma Rusiyanın da bu məsələdə Azərbaycanın yanında olacağı inandırıcı görünmür. Biz ərazi bütövlüyündən danışırıq, Ermənistanda isə 5-7 rayonun qaytarılması ilə bağlı ara-sıra müzakirələr olur. Paşinyan heç 7 rayonu qaytarmaq fikrində deyil. Xüsusilə Laçın və Kəlbəcər rayonları məsələsində onların mövqeyi qətidir. Rusiya da işğalçı siyasəti davam etdirməkdə onlara dəstək olur. Əslində bu gün müzakirə obyekti 5 rayon ətrafındadır. Daha artıq rayonların qaytarılması xəyal mövzusudur”. 

Firuzə Vahid / REDAKTOR.AZ