Azərbaycan KTMT məsələsində aldana bilər - ÖNCƏ, BU ADDIM ATILMALIDIR...

 15:19 13.09.2019     380

KTMT-də müşahidəçilik Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında rusiyalı rəsmilərin Azərbaycanın KTMT-yə üzv olmasının perspektivləri ilə bağlı məsələni qabartmalarına münasibət bildirib.

Politoloq hesab edir ki, bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirməsi üçün lazımdır:

“Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək üçün nizamnaməyə dəyişikliklər etdirdi. Artıq Rusiya rəsmiləri ölkəmizin bu təşkilatda müşahidəçi statusu alması mümkünlüyünü qeyd edirlər. Hətta, Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev İrəvan səfərində Ermənistanın buna etiraz etməməsi üçün razılıq da alıb”.

Politoloq vurğulayıb ki, rəsmi Bakı mütləq şəkildə ərazilərin qaytarılması şərti ilə müşahidəçi statusu almalıdır:

“Əks təqdirdə, Azərbaycan bu təşkilatda yer alsa, Moskva işğal olunmuş ərazilərlə bağlı növbəti dəfə ölkəmizi aldada bilər. Moskva ilə Bakı arasında intensiv danışıqlar getməsini istisna etmirəm. Çünki, Rusiya rəsmiləri birdən-birə bu məsələni qaldırmazdı. Digər tərəfdən, İrəvan-Moskva arasında isti olmayan münasibətlər hökm sürür. Azərbaycan bundan istifadə edib, Moskva ilə ərazilərin istənilən variant vasitəsilə azad edilməsini razılaşdırmalıdır. Məhz bunun müqabilində KTMT rolu razılaşdırıla bilər”.

M. Əsədullazadə qeyd edib ki, hazırda Rusiya qlobal güc müstəvisindədir:

“Regionda Azərbaycanla qarşılıqlı və ikitərəfli maraqlar konteksində Qarabağ münaqişəsi həll edilə bilər. Kreml bunu etmək istəyində deyil. Amma, ölkəmizi işğalçı ölkə ilə eyni təşkilata üzv etmək planını reallaşdırmaq istəyir. Ərazi məsələsində ciddi irəliləyiş olmasa, KTMT-də yer alsaq, ABŞ ölkəmizə təzyiqləri artıra bilər. Nəzərə alaq ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycanı Rusiya orbitinə yaxınlaşmasını qəbul etməyəcək. Birləşmiş Ştatlar ölkəmizə siyasi-iqtisadi və enerji dəstəyini kəsə bilər”.

Politoloq bildirib ki, Rusiyanın Yaxın Şərqdə və Şərqi Avropada mövqeyini gücləndirməsi Azərbaycana da təsirsiz ötüşmür:

“Məhz KTMT-yə müşahidəçi qismində üzvülüyümüz bu təzyiqlər qarşısında olmamalıdır. Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişini imzalamalı, ABŞ və Avropa ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir. Rusiyanın təsiri ölkəmizin inkişafının qarşısını ala bilər”.

Xatırladaq ki, Ermənistan parlamenti sentyabrın 11-də “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklikləri nəzərdə tutan protokolları ratifikasiya edib. Bundan sonra bir sıra rusiyalı rəsmilər Azərbaycanın yaxın gələcəkdə KTMT-yə müşahidəçi statusu ilə üzv olacağının mümkünlüyü haqda geniş açıqlamalar verməyə başlayıb.

Firuzə Vahid / REDAKTOR.AZ