Azərbaycan XİN-nin bəyanatı əvvəlkilərdən nə ilə fərqləndi? - GÖRÜNMƏYƏN TƏRƏFLƏR...

 18:08 13.09.2019     1067

Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaydığı bəyanatlara biri də əlavə olundu. Ancaq budəfəki bəyanat genişliyinə və məzmununa görə əvvəlkilərdən fərqlənir.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi XİN-in son bəyanatını təhlil edib. Təhlildə bildirilib ki, rəsmi Bakı Nikol Paşinyanın təxribatçı açıqlamalarına beynəlxalq təşkilatların reaksiya verməməsindən narahatdır:

“Birincisi, bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının hansı nəticələrə gətirəcəyi izah olunub. Nəticə ilə bağlı cümlələrin sonluğunda gələcək zaman ifadələrindən istifadə edilmir. “kəskinləşməsinə xidmət edəcək” və ya “gərginlik yaradacaq” yazılmır, “kəskinləşməsinə xidmət etdi” və “gərginlik yaratdı” bildirilir. Bu o deməkdir ki, Nikol Paşinyanın açıqlamaları bölgədə geri dönüşü olmayan proseslərə start verdi və rəsmi Bakı bunu belə qiymətləndirir.

İkincisi, Azərbaycan XİN-nin bəyanatında yazılır ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini pozmaq cəhdidir. Əslində bu cəhd deyil, düşünülmüş siyasətdir. Nikol Paşinyan hələ ötən il BMT Baş Assambelaysındakı çıxışında pozuculuq cəhdlərinə başlamışdı, ardınca onun Tehrana səfəri zamanı yerli erməilər tərəfindən “Qarabağ Ermənistandır. Vəssəlam” şüarı qaldırıldı və selfi çəkildi. Bunun məntiqi sonu kimi avqustun 5-də Xankəndidə bu şüar Ermənistanın baş naziri tərəfindən bir daha təsdiq olundu.

Üçüncüsü, Azərbaycan XİN-in bəyanatında BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarından söz açılır. Həmin məktublarda “beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi”. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı”.

Təhlildə vurğulanıb ki, “Qarabağ Ermənistandır” siyasəti anneksiyanın rəsmən etirafı deməkdir:

“Həqiqətən heç bir beynəlxalq təşkilat konkret olaraq Nikol Paşinayanın danışıqlar prosesini pozan “Qarabağ Ermənistandır” açıqlamasına münasibət bildirmədi, bunun danışıqlara zərbə vurduğunu qeyd etmədi. Bundan sonra danışıqlara da ehtiyac qalmır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu təhlükəli gedişata “dur” deməyiblər. Tam əksinə, Minsk Qrupu həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda qanunsuz keçirilən “yerli seçkilərin normal olduğunu” vurğuladı.

Yalnız Rusiya XİN-nin sözçüsü və ABŞ səfiri mövzuyla bağlı nəsə deyiblər, ancaq pozucunun ünvanını konkret göstərməyiblər. Onların bəzi cümlələrində isə həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Yəni Rusiya XİN sözçüsü və ABŞ səfiri bizim narahatlığımızı tam bölüşməyiblər, fikirləri yarımçıqdır”.

Təhlildə bildirib ki, XİN-nin bəyanatının əsas qayəsi son abzasların birində əks olunub:

“Bəyanatda “cəhd” sözündən bir neçə dəfə istifadə olunub. Paşinyanın açıqlamaları “danışıqlar prosesinin məhv edilməsi cəhdi” deyil, danışıqlar prosesinin məhv edilməsidir. “Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır” cümləsi ilə də razılaşmaq çətindir. Ermənistan hakimiyyəti təxribatçı açıqlamalarına rəğmən, danışıqları tərk etmir və etməyəcək. Tam əksinə status-kvonun uzanmasına xidmət edən imitativ danışıqlar işğalçının maraqlarına cavab verir. İndiki vəziyyətdə danışqları tərk etmək və ya imitasiyaya xidmət edən danışıqlara fasilə vermək barədə biz düşünməliyik. Ermənistan parlamenti aprel savaşının nəticələri ilə bağlı komissiya yaradıb, ordudakı yeyintilərin və itkilərin səbəbkarları axtarılır. Azərbaycan Ordusu işğalçıya bir neçə “aprel” yaşatsa, Ermənistanda itkilərin səbəbkarı axtarılacaq və bununla işğalçı dövlətdə gərginliyi artıracaq komissiyaların sayı da artacaq. Bizə də bu lazımdır”.

Firuzə Vahid / REDAKTOR.AZ