Rusiya Azərbaycana YAŞIL İŞIQ YANDIRA BİLƏR - Bu açıqlamalar BOŞUNA VERİLMİR

 14:05 14.09.2019     1980

Son zamanlar region ətrafında və daxilində çox maraqlı hadisələr baş verməkdədir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında böyük güclərin Cənubi Qafqaz ətrafında olan maraqlarına aydınlıq gətirib.

Politoloq hesab edir ki, hazırda Cənubi Qafqaz ölkələrinin daxili siyasi proseslərində canlanma var:

“Gürcüstan, Ermənistan və Azərbaycanda daxili siyasi proseslərə diqqət yetirsək, bunu görmək olur. İqtidardan başqa müxalif siyasi partiyalarının, ayrı-ayrı qrupların  da oyanışını sezə bilərik. Bu kimi amillər dünyanın geosiyasi maraqlarının yavaş-yavaş Cənubi Qafqaz uğrunda mübarizədə özünü biruzə verəcəyini göstərir. Təbii ki, bizim üçün Azərbaycanın daxilində baş verənlər olduqca önəmlidir. İstər YAP funksionerləri, istər müxalifət düşərgəsi, istərsə də radikal qruplar tərəfindən Azərbaycandakı siyasi proseslərlə bağlı ayrı-ayrı bəyanatlar səsləndirilir. Bu bəyanatlarla tanış olanda görürük ki, bizim uzun illərdir görmədiyimiz hansısa proseslər gedir. Ümumi götürəndə bu həftə baş tutan iqtidar-müxalifət və fəallar arasında olan görüş və orada səsləndirilən fikirlər cəmiyyətdə siyasi mühitin sağlamlaşdırılması üçün çox önəmlidir. Azərbaycana müxtəlif xarici ölkələrin təsir mexanizmi kimi istər xaricdə olan ermənilər vasitəsi ilə, istərsə də daxildən xaricə işləyən və xarici donorlardan məvacib alan kəslər vasitəsi ilə ölkə daxilində çaxnaşmalar, qeyri-sabitlik yaratma cəhdləri var. Bunu görməzdən gələ bilmərik. Buna görə də Azərbaycan hakimiyyəti ayıq olmalıdır. Hakimiyyətdə olanlar çox gözəl başa düşür ki, bu gün ölkəmizə qarşı çıxış edənlər əslində heç də bunu vətənpərvərlik nöqteyi-nəzərdən etmirlər. Sadəcə olaraq təlimatlandırılmış şəkildə buna davam edirlər. Ölkə daxilində siyasi, sosial, iqtisadi sabitliyi pozmaq onların əsas məqsədlərindən biridir. Uzun illərdir ki, onlar buna müyəssər olmurdular”.

Politoloq qeyd edib ki, siyasi müxalifətin yalnız neqativlər axtarır:

“Bunu ancaq obyektiv məsələlərdə etmək olar. Əks halda hər bir məsələdə hakimiyyəti haqsız tənqid edirsinizsə, burada məqsədin başqa olduğu görünür”.

Z. Məmmədov vurğulayıb ki, son zamanlar qlobal güclər üçün Azərbaycanın əhəmiyyəti daha da artıb:

“İstər Azərbaycan qazının Avropaya TAP və TANAP layihələri ilə çıxarılması, istər Şimal-Cənub və Şərq-Qərb layihələrinin realladırılması, istərsə də digər meqa qlobal iqtisadi layihələrin reallaşdırılması heç də hər kəsi sevindirən məsələ deyil. Ən azı qonşularımızın yarısı bu layihələrin reallaşmasından məmnun deyillər.

Son zamanlar rusiyalı rəsmilərin Azərbaycanın KTMT-də müşahidəçi statusda yer almasının mümkünlüyü ilə bağlı açıqlamaları da təsadüfi ortaya atılmayıb. Bu, Azərbaycan hakimiyyətinə bir mesajdır. Biz bilirik ki, siyasətdə hər şeyin bir qarşılığı var. KTMT ətrafında baş verənlərin də arxasında heç də Azərbaycanın bu təşkilatda sadəcə müşahidəçi statusda olması dayanmır. Bunun qarşılığında Rusiya tərəfi Azərbaycana hansısa məsələlərdə yaşıl işıq yandıracaq. Düşünürəm ki, hazırda bu məsələlər ətrafında müzakirələr getməkdədir”.

Firuzə Vahid / REDAKTOR.AZ