Paşinyan Ermənistanı uçuruma aparır: Vanesyandan “Dayanın” çağırışının arxasında nə durur?

 19:38 16.09.2019     335

Bu, Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyanın istefa verməsinə münasibət bildirib.

Politoloq hesab edir ki, Paşinyanla Vanesyan arasındakı fikir ayrılığına Rusiya amili də səbəb ola bilər:

“Vanesyanın bir müddət əvvəl də istefa verdiyi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsinin geri götürdüyünə dair məlumat yayılmışdı. Vanseyan bu dəfə qərarından vaz keçməyib, baş nazir də etiraz etməyib. Artur Vanesyanın öz sözlərinə görə, qərarların necə gəldi verilməsi, hədəflərin qarışıqlığı onu istefa verməyə məcbur edib. Keçmiş MTX direktoru onu da deyib ki, aparılan siyasət zabit andına uyğun deyil. Artur Vanesyanın son cümləsi “Dayanın!” ifadəsiylə bitir. Artur Vanesyan istefasıyla bağlı nə deyibsə həmin sözlər baş nazir Nikol Paşinyana aiddir. Onun “dayanın” çağırışı da Paşinyana ismarıcdır”.

Politoloq Vanesyanın son açıqlamaları ilə Paşinyana hansı mesajı verdiyinə aydınlıq gətirib:

“Bu ilin may və iyun aylarında Paşinyanla Vanesyan arasında maraqlı qiyabi dialoq olmuşdu. Paşinyan mətbuat konfransında demişdi ki, “məxməri inqilabdan” əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan bunu cinayət adlandırmışdı. Buna cavab olaraq Artur Vanesyan bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməyəcək. Vanesyan Milli Təhlükəsizlik Xidmətindən sənədlərin itməsi faktı ilə bağlı cinayət işi başlamayacağını da vurğulamışdı. Görünür, Paşinyanla Vanesyan arasındakı ixtilafa 2008-ci il hadisələrinə fərqli baxışlar səbəb olmuşdu. Paşinyan bütün vasitələrlə 2008-ci hadisələrində əli olan bütün siyasətçiləri və hərbçiləri məsuliyyətə cəlb etmək istəyir. Vanesyan isə bunun əleyhinə olub”.

E. Şahinoğlu istisna etmir ki, Artur Vanesyan eks-prezident Robert Köçəryanın həbsdə saxlanılmasının da əleyhinədir:

“Digər tərəfdən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edən birisi Rusiyanın müvafiq orqanları ilə sıx əməkdaşlıq etməlidir. Artur Vanesyanın 2002-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Bürosunun Akademiyasında ixsitsartırma kursu keçdiyini xatırlatmaq yerinə düşər. Paşinyanla Vanesyan arasındakı fikir ayrılığına Rusiya amili də səbəb ola bilərdi”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

Firuzə Vahid  / REDAKTOR.AZ