Qondarma "Qarabağ respublikası" Olimpiadada iştirak edibmi? - İran səfirliyi araşdırdı / CAVAB VAR

 12:27 17.09.2019     749

İran tərəfindən separatçılığa dəstək verilməsi ona baha başa gələr.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında İranda keçirilən 51-ci Erməni Olimpiadasında Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma Qarabağ rejiminin nümayəndələrinin "müstəqil respublika" kimi iştirak etməsinə münasibət bildirib.

Politoloq hesab edir ki, indiki dövrdə İran tərəfi bu cür riskli addım atmaz:

“Qarabağın “müstəqil” dövlət kimi İranda keçiriləcək yarışlarda iştirakı ilə bağlı KİV-də gəzən məlumatlar nə dərəcədə həqiqətə uyğundur, deyə bilmərəm. Bununla bağlı heç bir tərəfdən rəsmi açıqlama yoxdur. Yəqin ki, Ermənistanın əsas məqsədi İran və Azərbaycan arasında olan münasibətlərə xələl gətirməkdir. İran istəsə belə, Qarabağ “respublikası” bu yarışlarda iştirak edə bilməz. Bunun bir neçə səbəbi var. Birincisi, İranda milyonlarla azərbaycanlı yaşayır. Biz Paşinyanın Tehrana səfəri zamanı orada açılan “Qarabağ Ermənitandır” plakatının İranın daxilində hansı nəticələrə gətirib çıxardığını çox yaxşı xatırlayırıq. Bu dəfə Qarabağ “müstəqil respublika” kimi İranda hansısa idman yarışlarında iştirak etsə, bu, avtomatik olaraq bütün Cənubi Azərbaycanın ayağa qalxması ilə nəticələnəcək. İran hakimiyyəti bu riski indiki zamanda göz önünə almaz”.

Politoloq vurğulayıb ki, İrandaki bütün dəyişikliklərin və proseslərin əsasında əslində azərbaycanlılar dayanır:

“İkincisi, bu gün İran və ABŞ arasında münasibətlər olduqca pisdir. İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirikləri ilə yaşanan gərginlik fonunda, üstəlik şimal qonşusu Azərbaycanla da münasibətlərini dramatikləşdirmək istəməz. Bu, İran üçün heç də yaxşı nəticələnməz. Ümumilikdə bu kimi hadisələr kimin dost, kimin düşmən olduğunun bilavasitə göstəricisidir. Belə bir şey olacaqsa, bu Azərbaycan-İran münasibətlərinə ciddi zərbə olar. Hər bir halda, bu vəziyyətin kimin lehinə və əleyhinə olduğunu söyləyə bilmərik. Qarabağ İrandakı yarışlarda “müstəqil respublika” kimi iştirak edəcəksə, bu o demək deyil ki, Ermənistan sevinməli, Azərbaycan isə kədərə bürünməlidir. Bu vəziyyətin öz müsbət və mənfi nəticələri olacaq”.

Z. Məmmədov qeyd edib ki, İranın ayrı-ayrı bölgələrində kompakt halda yaşayan etnik qruplar var:

“Ona görə də separatçılığın İran tərəfindən dəstəyi ona baha başa gələ bilər. Hər bir halda, bugünkü vəziyyətə baxsaq görərik ki, Azərbaycan və İran arasında münasibətlər orta xətt üzrə inkişaf etməkdədir. Bu münasibətlərin müstəqillikdən bu yana pis olduğunu deyə bilmərik. Əksinə, son 2-3 ildə kifayət qədər normal və balanslaşdırılmış İran-Azərbaycan münasibətlərinin şahdiyik. Ona görə də İranın buna rəsmi şəkildə icazə verməsi inandırıcı deyil. Ancaq hər bir halda, idman yarışlarında Qarabağ “müstəqil respublika” kimi iştirak etsə, bu o deməkdir ki, İran rəsmiləri buna icazə verib. Bunu qeyri-rəsmi iştirak kimi qələmə vermək, erməniləri təşkilatçılıqda ittiham etmək mümkün deyil. Buna rəsmi icazə verilibsə, rəsmi Bakı da İrandakı cənubi azərbaycanlılarla daha sıx işləyə və onların milli hərəkatına açıq şəkildə dəstək verə bilər.

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi də məsələ ilə bağlı Redaktor.az-a danışıb.

O bildirib ki, bu xəbərlər həqiqəti əks etdirmir:

“Mən bütün videolara baxdım. Açılışda Qarabağ “bayrağ”ı yox idi. Qarabağı “müstəqil respublika” kimi təmsil edəcək qrup oraya qatılmayıb, gəlməyib. Mənə o tərəfdən gələn məlumat belədir ki, heç bir qrup Qarabağ adına bu olimpiadada iştirak etməyib”.

Seyid Əli Musəvi istisna etmir ki, mətbuatda bu cür məlumatların yayılması məqsədli şəkildə edilir:

“Azərbaycanla İranın münasibətlərinin pisləşməsini istəyən qruplar bu cür məlumatların yayılmasında maraqlıdırlar”.

Firuzə Vahid / REDAKTOR.AZ