Paşinyan kilsənin əli ilə vurula bilər - Kremlin KEŞİŞ PLANI

 16:56 17.09.2019     399

Paşinyan Baş nazir olduqdan sonra kilsə ilə hökumət arasında bir uçurum yaranıb.

Analitik Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında Ermənistanda kilsənin siyasətə təsirlərindən danışıb.

Analitik hesab edir ki, erməni kilsəsini Roma Papası qəbul etmir və erməniləri katoliklikdən uzaqlaşdığını bəyan edir:

“Ermənistanda kilsə amili daim mühüm rol oynayıb. Lakin Paşinyan Baş nazir olduqdan sonra ,vəziyyət dəyişib. Bütün dünyada anlayırlar ki, Ermənistanda kilsə siyasi təzyiq alətidir. Bunu anlayan Paşinyan kilsəyə təsir edərək,  özünə dəstək almaq istəyir. Kilsə isə buna etiraz edir. Erməni kilsəsinə Paşinyanın təzyiqləri o qədər güclənib ki, dünya ermənilərini Paşinyana qarşı etiraz səsini ucaltmağa səsləyir. Paşinyanın da məqsədi saf deyil. Baş nazir kilsəni daha da siyasiləşdirmək arzusundadır”.

A.Rəşidoğlu vurğulayıb ki, ortodoksal xristianlıqdan öz millətçi xarakterinə görə fərqlənən erməni Qriqoryan kilsəsi tarix boyu erməni dövlətinin qoşunu olub:

“Qriqoryan kilsəsi dini dünyagörüşü əsasında deyil, millətçi ideyalar əsasında fəaliyyət göstərib. Bu gün kilsə Paşinyanın əlində oyuncaq olmaq istəmir və ermənilərin ümumi maraqlarını qoruyacağını bildirir. Paşinyan da kilsəni əzmək istəyir. Bu savaş hələ uzun çəkəcək”.

A.RəŞidoğlu bildirib ki, Rusiya kilsəni Paşinyana qarşı qoymaqla baş nazirə təzyiq etmək istəyir:

“Lakin son anda kilsə vahid ideya ətrafında birləşə bilər. Yəqin ki, Paşinyan da geri çəkiləcək. Kilsə Paşinyanın istefasını tələb etsə, baş nazir çətin vəziyyətə düşə bilər. Görünür, Kreml elə buna hesablanan addımlar atır. Azərbaycan isə  bu amildən bəhrələnə bilməz. Erməni kilsəsi, ziyalıları, siyasətçiləri millətçilik şüarı ilə o qədər zəhərləniblər ki, hətta parçalansalar belə Azərbaycana və Türkiyəyə münasibətdə birləşəcəklər”.

Siyasi şərhçi Erkin Qədirli də məsələyə münasibət bildirib.

E. Qədirli hesab edir ki, erməni kilsəsində bölünmə ehtimalı yaranır:

“Olduqca maraqlı gedişatdır. Rusiya erməni kilsəsinin başçısı Yezras bütün ermənilərin Katolikosu İkinci Qareginin qardaşıdır. Yeri gəlmişkən, Rusiyada bir yeni Naxçıvan erməni kilsəsi də var. Yerzas onun da başçısı sayılır. Paşinyan, hələ hakimiyyətə gələnə qədər II Qaregindən qurtulmağın vacibliyindən açıq danışırdı. İrəvanda sırf buna görə bir neçə etiraz yürüşünü də təşkil etmişdi. Erməni keşişlərinin arasında Paşinyanın yetərli dəstəyi olmadı. Maraqlıdır ki, indiki durumda Rusiyadakı Erməni Kilsəsində ayırıcı baxışlar güclənməkdədir”.

E. Qədirli bu işdə Kremlin rolunu istisna etmir:

“Çünki Moskva Rusiyadakı erməni keşişlərinin İrəvandan təyin olunmasının qarşısını almağa çalışır. Kreml bununla Paşinyana daha bir təzyiq aləti kimi istifadə etməyi düşünə bilər. Bu məsələdə biz öz marağımızı güdməliyik. Rusların bu gedişləri erməni kilsəsində parçalanmaya gətirib çıxara biləcəksə, bundan dolayısıyla biz də faydalana bilərik”.

Firuzə Vahid / REDAKTOR.AZ