Ermənistanın müdafiə nazirinin də istefa verəcəyi gözlənilir - Baş nazir BAŞINI İTİRİB...

 15:32 18.09.2019     363

“Paşinyan hökuməti dağılır”.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Ermənistan hökumətində olan istefaların səbəblərini təhlil edib. Təhlildə bildirilib ki, inqilabın əks-inqilabı olur, Paşinyanın rəqibləri revanşa hazırlaşır.

“Görünür, Valeriy Osipyan da Artur Vanesyan kimi Paşinyana qarşı demarşa hazırlaşırdı və bundan xəbər tutan baş nazir birinci addımı atmağa qərar verib. Çünki istefasıyla əlaqədar Artur Vanesyanın baş nazirə qarşı verdiyi açıqlamalar Ermənistanda əsas müzakirə predmetidir. Eyni sərt sözləri polis rəisi də istefa ərizəsiylə birgə yaza bilərdi. Bu isə rəsmən Paşinyan hökumətinin dağılmasının sürətlənməsi demək olacaqdı. Onsuz da polis rəisi istefadan sonra Paşinyan əleyhinə ürəyini boşaltmağa başlayacaq”.

Təhlildə Ermənistanda sentyabrın 17-də baş nazirin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasına da diqqət çəkilib:

“Bununla əlaqədar İrəvanda iki şaiyə yayılıb. Birinci şaiyə budur ki, polis rəisinin istefası məsələsi Təhlükəsizlik Şurasında qaldırılıb. Ancaq Təhlükəsizlik Şurasında iştirak edən qurumun baş katibi Areq Koçinyan, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan və müdafiə naziri David Tonoyan toplantıda polis rəisinin istefası məsələsini müzakirə edilmədiyini bildiriblər.

Buna baxmayaraq, Nikol Paşinyan polis rəisini məhz Təhlükəsizlik Şurasının toplantısından sonra istefaya göndərməyə qərar verib. Demək, bu ikisi arasında birbaşa əlaqə var. Böyük ehtimalla bu, Paşinyan hökumətində sonuncu istefa deyil. İstefaların sayı artdıqca Paşinyanın mövqeləri zəifləyəcək. İstefalar isə onunla bağlıdır ki, məmurlar batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər. İstefa verənlər Rusiyadan da gərəkən siqanalları alıblar. İrəvanda ikinci şayiə budur ki, müdafiə naziri də istefaya hazırlaşır. Tonoyan hələ ki, bunu inkar edir. Ancaq onun da Ermənistandakı mövcud duruma görə dərin düşüncə içində olduğunu istisna etmək olmaz”.

Təhlildə qeyd edilib ki, Ermənistan parlamentində aprel savaşının nəticələrini araşdıran komissiya var gücü ilə çalışır:

“Müdafiə Nazirliyi aprel savaşı ilə bağlı gizli məlumatları komissiyaya göndərir. Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib. Paşinyan bu komissiyadan rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır, ancaq əldə ediləcək nəticələr baş nazirin özünün əleyhinə işləyəcək. Çünki rəqibləri arasında həbslərin sayı artıqca Paşinyana qarşı müqavimət də güclənəcək”.

Xatırladaq ki, bu həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi, üstündən heç tam bir gün keçməmiş Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yolları ayrıldı.

Firuzə Vahid / REDAKTOR.AZ