BBC-nin erməni kilsəsini gözdən salan yazısı reklam olunur - Sifarişçi ERMƏNİLƏRİN ÖZÜDÜR

 14:40 19.09.2019     570

Ermənistanda keçən ildən başlayan və cərayan etməkdə olan proseslər öz kuliminasiya nöqtəsinə və məntiqi həllinə yaxınlaşmaqdadır.

Redaktor.az bildirir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfəri ərəfəsində daxildə baş verən gərginliyə münasibət bildirib.

Ekspert hesab edir ki, Paşinyan və tərəfdarları inqilabdan sonra, Qərbdən böyük maliyyə yardımlarının axacağını gözləyirdilər, ancaq alınmadı:

“Son günlərdə Paşinyan komandasındakı iki güc strukturu – Təhlükəsizlik xidməti və polisin rəhbərinin vəzifədən uzaqlaşdırılması xəbərləri hamının diqqətini çəkdi. Ermənistandakı Qarabağ klanı və yenilər arasından gedən mübarizədən, bu mübarizədə Rusiya və digər xarici faktorların rolu haqqında aşağı yuxarı, prosesləri izləyən hər kəsin xəbəri var. Ölkədaxili gərginliyin artması fonunda Paşinyanın Qarabağla bağlı qeyri-adekvat və radikal bəyanatlarının da sayı artır. Yəqin ki, gərginlik artdıqca daima xəyanətdə günahlandırılan Paşinyan bu məsələdə daha radikal və məsuliyyətsiz bəyanatlar verərək, ilk növbədə öz ölkəsini diplomatik danışıqlar masasında pis vəziyyətə salacaq. Paşinyan komandasının xarici siyasəti ilə bağlı maraqlı bir məqamı qeyd edim. O da bundan ibarətdir ki, həm Ermənistanı tanıyan Qərb ekspertləri, həm də bir zamanlar bu ölkəni və Sarkisyanı müdafiə etməkdə dəridən-qabıqdan çıxan rusiyalı şərhçilər (politoloq deyə bilmirəm onlara) Paşinyan komandasının xarici siyasətlə bağlı səriştəsiz olduğunu və düzgün qərarvermə qabiliyyətinin olmadığını göstərirlər”.

F. Çıraqov bildirib ki, daxili gərginliyin bir nümunəsi, daim erməni ideyası və milliyyətçiliyinin qalası olan erməni kilsəsi daxilindəki problemlərin və onu gözdən salan məlumatların mətbuata çıxması və tirajlanmasıdır:

“Kilsənin başçısı ilə Paşinyanın münasibətlərinin yaxşı olmadığı hamıya məlumdur. Təsəvvür edin, bu günlərdə BBC erməni kilsəsi haqqında onu gözdən salan problemlər haqqında yaxşı və maraqlı bir məqalə yazmışdı. Bu gün baxıram ki, ermənilər onu daha çox oxucu kütləsinə çatdırmaq üçün sponsorluq edib, yayırlar. Əvvəl mən kilsəyə qarşı belə bir şey görməmişdim. Əlqərəz, bu payızdan gələn yaza kimi Ermənistanda çox maraqlı siyasi mövsüm başlayır”.

Ekspert vurğulayıb ki, bu hadisələr və proseslər fonunda iki maraqlı məqam gəlir:

“Birincisi, Paşinyanın ABŞ-a səfəri. İkincisi, Rusiya prezidentinin Ermənistana gözlənilən səfəri. İkincisi ilə bağlı xəbərləri oxuyursunuz, Putinin Köçəryanı ad günü münasibəti ilə təbrik etməsi və s. Maraqlı olanı birincisidir. Paşinyan hakimiyyətə gələndən çalışır ki, onu ABŞ prezidenti Ağ evdə qəbul etsin, alınmır. Bu sahədə Paşinyan və erməni lobbisi əlindən gələni edib. Sadəcə bəxtləri gətirmədi ki, Ağ evdə Obama kimi liberal və demokrat bir prezident olmadı. Obama və ya ona bənzər bir prezident olsa idi, indi çoxdan Paşinyan qırmızı xalça ilə qəbul edilmişdi, şəninə təriflər yağdırılıb, yardımlar ayrılmışdı. Paşinyan və tərəfdarları inqilabdan sonra ümumiyyətlə Qərblə bağlı ümidləri doğrultmadı. Əvəzində Ağ Evdə merkantilist, heç nəyi əvəzsiz etməyi düşünməyən bir komanda var idi. Xüsusilə Bolton regiona səfəri zamanı yardım və ya dəstək üçün qarşılıqlı şərtlər qoydu. Ona görə də Bolton işdən uzaqlaşanda iranlılardan sonra yəqin ki, daha çox sevinən Paşinyan və komandası oldu”.

Ekspert maraqlı bir məqama diqqət çəkib:

“Paşinyan ABŞ-a səfəri ərəfəsində onun qarşısına Amulsara qızıl yatağı ilə bağlı qoyulmuş şərti yerinə yetirərək, mühüm, qeyri populyar bir qərar verdi. Rusiya səfirinin Amulsaraya yaxın Cermuka gedib dincələrək, tvit atmasına qədər aləm bir-birinə qarışdı. Polisin rəhbərinin vəzifədən uzaqlaşdırılmasının səbəblərindən biri də bu oldu ki, o, Paşinyanın qərarına etiraz edən insanların barrikadalarını təmizləmədi”.

F. Çıraqov qeyd edib ki, Paşinyan və erməni lobbisi hazırki administrasiyaya demokratiya və inqilab mövzuları ilə yaxınlaşmağın alınmayacağını başa düşür:

“Buna görə də onlar hazırki administrasiya daxilində xristian fundamentalistlərə yaxınlaşmağa çalışırlar. Bir müddətdir “xristian dəyərləri və xristianlara qarşı soyqırımlarla” bağlı erməni lobbi təşkilatı ANCA tvitlər atır. Bu günlərdə isə ANCA vitse-prezident Pensin illər əvvəl dünyadakı xristianlara qarşı soyqırımlar haqqında çıxışını tvit edib. Ermənilər hələ Sarkisyanın vaxtından Pensə xristian təəssübkeşliyi mövzusu üzərindən yaxınlaşmağa cəhd edirdilər. Vaxtilə Gürcüstanın keçmiş baş naziri Kvirikaşvili də Pensin Tbilisiyə səfəri zamanı onun saqqızını xristian mövzusu, müsəlmanlarla əhatələnmiş və mübarizə aparmış qədim xristian sivilizasiyası məsələsi ilə oğurlamışdı. Bununla bağlı Paşinyanın ritorikasında da dəyişiklik var. Məsələn, bu günlərdə Paşinyan Almaniyanın keçmiş prezidentini qəbul edəkən, belə bir ifadə işlətdi: “bizim inqilabımız xristian dəyərlərinə əsaslanırdı və bu bizə dəyişikləri şok olmadan yaşamağa imkan verdi”. İndi məni maraqlandıran odur ki, Paşinyan ABŞ prezidenti ilə deyək ki, görüşdü. O, bu görüşdən nə əldə edə biləcək? Bu administrasiya bu boyda həngamələrin arasında onlara nə verəcək? Paşinyan bundan sonda öz mövqeləri üçün nə əldə edə biləcək? Sadəcə bir şəkil və ölkədaxili imici üçün bu qədər can atır?”.

Firuzə Vahid / REDAKTOR.AZ