Azərbaycan mediası Köçəryana niyə LOYAL YANAŞIR? - Bu "sevda"nın ŞOK SƏBƏBLƏRİ...

 17:53 19.09.2019     722

Azərbaycan mediasında qəribə bir mənzərə yaranıb. Bu mənzərədə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında qızğın mübarizə gedir və bu mübarizədə sanki tərəf tutulur. Daha dəqiqi, Paşinyan sərsəm, erməni xalqını fəlakətə sürükləyən, Qarabağ danışıqlarını dalana dirəyən bir kimi, Köçəryansa haqqı tapdanan biri kimi qələmə verilir. O Köçəryan ki, Azərbaycan xalqına qarşı qətliamlarda birbaşa iştirak edib və ömrünün indiyə qədərki hissəsini torpaqlarımızın işğalda saxlanmasına sərf edib. Ola bilər ki, kiminsə Köçəryana qarşı bu loyallığı “düşmənimin düşməni mənim dostumdur” prinsipinə söykənir. Amma ümumilikdə bu yanaşma təpədən dırnağa yanlışdır. Bax, bu yerdə, "ilanın ağına da, qarasına da..." məsəli konkret olaraq yerinə düşür. 

Əcəba, görəsən, Köçəryan “sevdası” hardan qaynaqlanır?

Məsələ ilə bağlı QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a danışıb. Cəfərsoy hesab edir ki, Paşinyana münasibətdə Köçəryana daha loyal münasibətin bir neçə səbəbi var:

“Birincisi, Paşinyanın bəyanatlarından doğan mənfi münasibət, ikincisi, bunun sonunda Köçəryana müsbət obraz, dəyər yükləmə və ya ən azından, Paşinyanla müqayisədə üstünlük vermə cəhdləridir.

Bu məsələnin həm Paşinyan, həm də Köçəryan tərəfi var. Paşinyana mənfi obraz verilməsini iki əsas məqamla izah etmək mümkündür. Azərbaycanda Paşinyana mənfi münasibəti formalaşdıran iki təməl məqam var. Bunlardan birincisi, Paşinyanın hakimiyyətə gəlmə forması ilə bağlıdır. Bu, Azərbaycanda, xüsusən iqtidar və ona yaxın çevrələr tərəfindən bəyənilən hal deyil. Azərbaycanda hakim dairələrin daha çox təsir imkanlarına sahib olduğu mediada bu o qədər də xoş qarşılanmadı. Bu da Paşinyana yönəlik mənfi yanaşmanı ortaya çıxaran məqamlardan biri idi. İkincisi, müxalifətə yaxın mətbuat orqanlarında Paşinyanın hakimiyyətə gəliş formatına müsbət çalarlar hiss edilirdi. Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə daha çox diqqəti cəlb edirdi. Ancaq bir müddətdən sonra o, Qarabağ münaqişəsi konteksində arzuedilən yumşalmanı sərgiləməməsi, hətta getdikcə daha sərt, daha radikal açıqlamalarla çıxış etməsi Paşinyana yönəlik olan mənfi münasibətin daha da artmasına səbəb olub. Yəni Qarabağ məsələsinə yönəlik Paşinyanın radikal yanaşması Azərbaycan ictimaiyyətində ona qarşı fikirləri daha da sərtləşdirdi. Həm birinci, həm də ikinci məqamın ümumi nəticəsi, Paşinyana yönəlik mənfi imici dəstəkləyən, gücləndirən amil oldu. Bu da istər-istəməz Paşinyanın fəaliyyətinə, atdığı addımlara tənqidi yanaşmanı artırdı”.

N. Cəfərsoy qeyd edib ki, Paşinyana tənqidi yanaşmanın hədəflərinin mərkəzində Köçəryan durur:

“Dolayısı ilə Azərbaycanda müxtəlif dairələr və media orqanları Paşinyanın atdığı hər addımı (bu çərçivədə Ermənistandakı müxalifətə yönəlik ) ciddi tənqid atəşinə tutmağa başladı. Paşinyanın hədəflərindən birinin Köçəryan olması isə Azərbaycanda Köçəryana yönəlik müsbət çalarları gündəmə gətirdi. Bunun 2 motivi var. Birincisi, Paşinyanın mənfi çalarlarını, ona ən real müxalifət kimi görünən qarşı tərəfi (yəni “düşmənimin düşməni mənim dostumdur” prinsipi çərçivəsində) dəstəkləyən yazılar ortaya çıxdı. Bu ya Paşinyanın inadına, ya da onu tənqid etmək naminə edilir. Paşinyanı tənqid etmək üçün onun qarşısında olan Köçəryana müəyyən obyektiv çalarlar verildi. İki opponentin hər ikisini pisləsən, söysən, bu inandırıcı olmaz. Dolayısı ilə iki erməni siyasətçidən Paşinyanı pisləmək istəyəndə, onun rəqibi pozisyonunda olan Köçəryana müəyyən müsbət çalarlar əlavə etmək lazım gəlir. Yəni, bəzən Paşinyanı pisləmək üçün Köçəryanın mənfi çalarları gözardı edilir”.

N. Cəfərsoy vurğulayıb ki, digər tərəfdən Köçəryan Rusiyanın Ermənistandakı ən önəmli siyasi aktorudur:

“Bu daha ciddi, diqqətedilməli olan məsələdir. Putinin çıxışları, Köçəryana yönəlik müsbət addımlar göstərir ki, rəsmi Moskvanın İrəvanın daxili siyasətindəki oyunlarında Köçəryan əhəmiyyətli yer tutur. Dolayısı ilə Köçəryan Rusiyanın Ermənistan siyasətindəki ən populyar, güclü adamı kimi görünür. Necə ki, Ermənistanda Rusiyanın 5-ci kolonu Köçəryanı dəstəkləyəcək addımlar atır, eyni şəkildə Moskvanın Azərbaycandakı 5-ci kolonu və ya ona xidmət edən fiqurlar, dairələr də Paşinyanı küncə sıxışdırmaq və Köçəryana legitimlik qazandırmaq üçün Azərbaycan ictimai rəyində Köçəryana müsbət imic yaradılması üçün PR-lıq edirlər”.

N. Cəfərsoy müsbət imicin Köçəryana niyə lazım olmasına da aydınlıq gətirib:

“Köçəryanın Ermənistanın daxili siyasətində güc qazanması üçün onun imicinin yaxşılaşdırılmasına ehtiyac var. Ermənistan siyasətində Köçəryanın güc qazanması Ermənistanın ən böyük problemi olan Qarabağla da əlaqəlidir. Ermənistan ictimaiyyətində belə bir rəy yaratmaq istəyirlər ki, guya Köçəryan önəmli fiqurdur. Çünki Paşinyan daxili siyasətdə heç nə edə bilmir. Ona görə zəifdir. Ümumiyyətlə, xarici siyasətdə də Qarabağ problemini həlli prosesində də Köçəryanın daha doğru fiqur olduğunu xalqa yeitmək istəyirlər. Həm də Azərbaycana dolayı yolla 2 formatda mesaj verirlər ki, Paşinyanla Qarabağ münaqişəsini həll etmək mümkün deyil. Bu eyni zamanda Rusiyanın Qarabağ məsələsinə yönəlik müzakirələri öz nəzarəti altında saxlaması və o çərçivədə davam etdirməsi üçün Azərbaycandakı imkanlarından istifadə etməsi kimi də yozula bilər”.

N. Cəfərsoy bildirib ki, ümumi baxanda Köçəryanın Paşinyanla müqayisədə Azərbaycan üçün müsbət motiv olması mümkünsüzdür:

“Köçəryan həm Qarabağ müharibəsinin aktiv iştirakçısıdır, həm də onun əli Xocalı soyqırımında azərbaycanlıların qanına batıb. Köçəryan cinayətkardır və beynəlxalq məhkəmə tərəfindən mühakimə olunmalıdır. Bundan əlavə Köçəryan hakimiyyətdə olduğu dövr ərzində Qarabağ probleminin dalana dirənməsinin ən önəmli səbəbkarıdır.O, Rusiyanın fiqurudur. Rusiyanın son 30 ildə Qarabağ münaqişəsi ilə bağlı yanaşmasına baxanda, bu cür hərbi cinayətkarın Qarabağ məsələsində müsbət rol alması daha az ehtimaldır. Yəni biz gözləməyək ki, Paşinyan gedəcək, Köçəryan gələcək, Qarabağ problemi həll olunacaq. Bu, sadəcə xəyaldır. Ermənilərin həll dedikdə anladıqları tək şey, Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarını legitimləşdirəcək modeldir. Məhz, o çərçivədə hərəkət edirlər”.

Firuzə Vahid / REDAKTOR.AZ