26 il əvvəl tarixi uğurlardan birinin əsası qoyuldu - Azərbaycan MDB-yə qoşuldu

 10:48 21.09.2019     584

Heydər Əliyevin MDB-yə daxil olmağımzla bağlı qərarı çox doğru addım idi..

 Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Müstəqil Dövlətlər Birliyinə (MDB)  qoşulmağımızın 26-cı ildönümü ilə bağlı danışıb.

Politoloq hesab edir ki, 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın daxili və xarici siyasəti mühüm dəyişikliklər astanasında idi:

“İş orasındadır ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk 3 ildə bir çox çağırışlarla üz-üzə qalmışdı. O zaman siyasi hakimiyyətin xarici siyasətdə buraxdığı bir sıra səhvlər milli dövlətçiliyimizin sual altına salınmasına belə gətirib çıxarmışdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin mənafelərinin qorunmasına yönələn əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya ilə, türkdilli dövlətlərlə, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməyə başladı”.

Politoloq qeyd edib ki, Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu nəzərə alaraq özünün ilk səfərlərindən birini məhz Moskvaya etdi:

“Paralel olaraq ölkənin MDB-yə daxil olmasına start verilmişdi. MDB-yə daxil olmaq isə, Rusiya ilə münasibətlərin təkmilləşdirilməsi demək idi. Beynəlxalq münasibətlərdə liberal nəzəriyyənin beynəlxalq təşkilatların guya ki, neytral statusda fəaliyyət göstərdiklərini dediklərinə baxmayaraq, əslində bu və digər hər bir beynəlxalq təşkilatların arxasında qlobal gücün dayandığını inkar etmək mümkün belə deyil. Beləliklə, Heydər Əliyevin Moskvaya səfəri oradakı siyasi elitanın nə dərəcədə ermənipərəst siyasət yürütməsinə baxmayaraq Rusiya ilə olan gərgin münasibətlərimizi xeyli yumşaltdı və onlara yeni çalarlar qatdı.

Milli Məclis hələ 21 dekabr 1991-ci ildə Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belorusiya arasında imzalanmış sazişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da, rəsmi Bakı MDB çərçivəsində Ermənistanın antiAzərbaycan siyasətini sıxışdırmış oldu”.

Politoloq maraqlı məqama diqqət çəkib:

“Bu hadisədən düz bir il sonra sentyabrın 20-si ölkəmiz Xəzərdəki enerji yataqlarının əsasən Qərb şirkətlərinə verilməsi, Xəzər hövzəsi enerji yataqlarının gələcəkdə Avropaya daşınmasının əsasını qoyan Əsrin müqaviləsini imzalayacaqdı. Hələ o zaman Azərbaycanın MDB-yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər. Lakin zaman göstərdi ki, əksinə, Bakı MDB-yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq gətirərək ölkə müstəqilliyinin qorunmasına, onun gələcək inkişafına nail olmağı bacardı. MDB-yə üzvlük yuxarıda sadaladığım geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, hümanitar, mədəniyyət kimi sahələrdə Azərbaycana dividentlər gətirdi.

Z. Məmmədov bildirib ki, Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi MDB çərçivəsində də aktiv fəaliyyətlə məşğuldur və qurumun yaratdığı perspektivlərdən yararlanmaqdadır:

“Azərbaycan Ermənistandandan başqa hər bir MDB-yə üzv dövlət ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitəfərli münasibətlərə malikdir ki, bu da Ermənistanın bu platforma daxilində imicinə zərbə vuran böyük amil kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB nin üzvü olan Belorusiya və Qazaxıstan liderləri açıq-aşkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqeni İrəvanın işğalçılıq siyasəti ilə əlaqələndirirlər.

Beləliklə, MDB-yə üzvlük tarixçəmiz bu illər ərzində göstəmiş oldu ki, 26 il əvvəl sentyabrın 20-də Azərbaycan xarici vektorda mühüm dəyişikliklər edərək gələcək uğurların əsaslarından birini qoyub”.

Xatırladaq ki, 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib. 20 sentyabr 1993 -cü ildə Milli Məclis MDB -yə qoşulmağa dair sazişi ratifikasiya edib.

Firuzə Vahid / REDAKTOR.AZ