Azərbaycanlı bu qız ATƏT-də Ermənistanı ifşa etdi - VİDEO

 19:12 21.09.2019     328

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir.

Redaktor.az AZXEBER.COM-a istinadən xəbər verir ki, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Toplantıda növbəti müzakirələr "Qaçqın və məcburi köçkünlər” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) Türkiyə təmsilçisi, vəkil Zenfira Əliyeva deyib ki, bugün dünya ictimaiyyətinin qarşısında duran ən mühüm problemlərdən biri qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlıdır. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ildir Ermənistanın işğalı altındadır. Bunun nəticəsində minlərlə insan həyatını itirib, 1 milyondan artıq insan qaçqın və məcbur köçkün vəziyyətinə düşüb: "Qaçqın və məcburi köçkünlər müharibənin ilk illərində ağır sosial-iqtisadi şərtlər altında, hətta elementar sanitar imkanları olmayan yerlərdə məskunlaşıblar. Hazırda Azərbaycan dövləti onların problemlərinin həlli üçün böyük layihələr həyata keçirsə də, bütün çətinliklərin tam həll olunduğunu demək olmaz. Qaçqın və məcburi köçkünlər hazırda öz doğma torpaqlarına dönə bilmirlər”.

Zenfira Əliyeva öz valideynlərinin məzarını ziyarət etməyə gedən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsinə diqqət çəkərək, onların Ermənistan tərəfindən girov götürüldüyünü və qanunsuz olaraq ağır işgəncələr altında girov saxlanıldığını deyib.

Z.Əliyeva eyni zamanda hazırda Türkiyənin də Suriyadakı münaqişə nəticəsində 3 milyondan artıq qaçqına ev sahibliyi etdiyini, lakin dünyanın bu prosesdə onun yanında olmadığını bildirib.