Molla hökuməti Azərbaycan türkcəsinə yaşıl işıq yandırır - Nə dəyişib?

 17:18 23.09.2019     559

Rəsmi Tehranın son vaxtlar Azərbaycan Respublikasına münasibətdə tutduğu mövqe köklü şəkildə müsbətə doğru dəyişib.

Redaktor.az bildirir ki, ehtiyatda olan zabit Əlisahib Hüseynov bu il İran məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılmasına münasibət bildirib.

Ə. Hüseynov hesab edir ki, bu təşəbbüs sadəcə pilot layihə xarakteri daşımamalıdır:

“Artıq İranın Şərqi Azərbaycan ostanının (bölgəsinin) bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə start verilib. Ərdəbildə də Azərbaycan dilinin tədrisi nəzərdə tutulur. Əlbəttə, könül istərdi ki, bu təşəbbüs sadəcə pilot layihə xarakteri daşımasın və Güney Azərbaycan türklərinin kompakt şəkildə yaşadığı bütün ərazilərdə təhsil tamamən ana dilində olsun. Ancaq reallıqlar hələ ki bizim arzularımızla tam da üst-üstə düşmür. Odur ki, gəlin, maksimalist olmayaq. İran bu gün Cənubi Azərbaycanda təhsilin bütünlüklə Azərbaycan dilində tədrisinə hələlik hazır deyil. Bunun üçün bir qədər zamana ehtiyac var. Qarşıdakı bir neçə il ərzində soydaşlarımızın bu arzusunun tam şəkildə gerçəkləşəcəyinə əminəm”.

Ə. Hüseynov vurğulayıb ki, İran Cənubi Azərbaycandakı soydaşlarımızın məsələsinin Azərbaycan Respublikası üçün nə qədər həssas məsələ olduğunu yaxşı bilir:

“Hər halda, rəsmi Tehranın son vaxtlar Azərbaycan Respublikasına münasibətdə tutduğu mövqenin köklü şəkildə müsbətə doğru dəyişməsi də bunu deməyə əsas verir. İran hökuməti bu həssaslığı nəzərə almağa çalışır. Elə ABŞ-İran qarşıdurmasının gündən-günə daha da kritik xarakter almasının özü də rəsmi Tehranı İranın ən böyük əhali qrupu olan Cənubi Azərbaycan türklərinin problemlərinə daha diqqətlə yanaşmağa sövq edir. Əks halda, milli ayrı-seçkiliyin xarici güclərin əlində ən əlverişli "kart"a çevriləcəyini və bunun da son nəticədə İranın parçalanmasına gətirib çıxara biləcəyini molla hökuməti bütün çılpaqlığı ilə dərk edir. Mollalar realistdirlər. Onlar gerçəklikləri bizdən də yaxşı görürlər. Odur ki, odla oynamaq istəmirlər. Praqmatik siyasət yürüdürlər. Praqmatik siyasət isə bu gün həm də İrandakı azərbaycanlıların ana dilində təhsil almaq haqqını tanımaqdan keçir. Bu mənada, Şərqi Azərbaycan vilayətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə start verilməsini alqışlayırıq”.

Ə. Hüseynov bildirib ki, molla hökuməti nəhayət ki, Azərbaycan türkcəsinə yaşıl işıq yandırır:

“Bu bir ilkdir, xeyirli başlanğıcdır. Gerisi də gələcək. Necə deyərlər, dama-dama göl olar. Güney azərbaycanlı soydaşlarımızın da bu məsələlərdə bir qədər daha fəal olmaları lap yerinə düşərdi”.

Xatırladaq ki, Bu il Ərdəbil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Firuzə Vahid / REDAKTOR.AZ