Ermənilər YENƏ QAZANDI - Bu görüş bir əsgərimizə başa gəldi...

 14:06 24.09.2019     771

Nyu-York görüşü nəticəsiz qalıb.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsindəki görüşünə münasibət bildirib.

Politoloq hesab edir ki, hər il xarici işlər nazirlərinin Nyu-Yorkdakı ənənəvi görüşlərindən nəticə çıxmır:

“Bu dəfə də görüş nəticəsiz yekunlaşdı. Çünki görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirdi. Ancaq bu insident olmasaydı belə heç bir nəticə olmayacaqdı. Azərbaycan XİN-nin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir. Birinci cümlədə XİN rəhbərlərinin Nyu-Yorkda baş tutan görüşünün, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalması deyilir. Yəni hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır. İkincisi isə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsnin aparıldığı qeyd edilir. Yəni nazirlər görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir”.

Politoloq vurğulayıb ki, görüş xatirinə görüşün imitasiya xarakteri daşıması bir daha təsdiq olunur:

“Bu, Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdır. Əsl həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun uzanmasına çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışıqlardan bir müddət imtina etməli və ya fasilə vermək barədə düşünməlidir. Bu, beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər”.

Firuzə Vahid / REDAKTOR.AZ