Rusiyanın regionda təsirləri ZƏİFLƏYİR - Yeni MÜHARİBƏ ANONSU ola bilər

 12:22 05.10.2019     359

Rusiyanın Cənubi Qafqazla bağlı planları strateji əhəmiyyət daşıyır.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən "Valday klubu" formatında çıxışına münasibət bildirib. Politoloq hesab edir ki, Putin çıxışı ilə Rusiyanın münaqişələrin həllində və yeni dünya nizamında partnojallığını diktə edib:

"Rusiya prezidenti çıxışında Rusiyanın qlobal bir oyunçu olduğunu münaqişələrin həllində, xüsusilə, Suriya və digər münaqişələrin həllində həlledici bir ölkə olduğunu bundan sonrada davam edəcəyini mesajını verdi. Bununla, Rusiya Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropada və Cənubi Qafqazda mövqeyini gücləndirəcəyini göstərdi. Bunu necə bacaracağı isə sual altındadır. Amma Putinin bu siyasəti 2023-cü ilə qədər davam etdirəcəyi gözlənilir. Post-Putin dövrünə gəldikdə isə, Rusiya yenidən öz sərhədləri çərçivəsinə çəkiləcəyi baş verə bilər. ABŞ və Qərb yeni dünya nizamında Moskvanın aparıcı rolunu qəbul etməyəcək".

Politoloq qeyd edib ki, Putin çıxışında Asiyada münaqişələrin həllinə toxundu və Suriya müharibəsini nümunə gətirdi:

"Həqiqətən də Türkiyə, İran və Rusiya birgə "Astana formatı" çərçivəsində bu münaqişənin həllində fəal rol oynayır. Həmçinin "Normand dördülüyü" formatında Donbas münaqişəsinin həlli istiqamətində razılaşmalar bunu göstərir. Göründüyü kimi Putin belə bir ortaq formulun digər münaqişələrin həllində də rol oynaya biləcəyini xüsusi olaraq qeyd etdi. Kreml münaqişələrin həllini bu qədər qabardırsa, demək yeni dünya nizamında rolunu gücləndirməyə çalışır. Regionun təhlükəsizliyi üçün son dərəcə təhdid olan Rusiyanın Qarabağ konfliktinin həllində atacağı addımlar irəliləyişə gətirib çıxara bilər. Son günlərdə Kreml rəsmilərinin açıqlamalarında müəyyən qədər Qarabağ münaqişəsinin həlli istiqamətində açıqlamalara da rast gəlinir. Öz sərhədlərinin yaxınlığında problemləri ərazi bütövlüyünü rəhbər tutmaqla həll edərsə, Rusiya öz periferyasını qoruya biləcək. Amma münaqişəyə ikili standartlardan yanaşsa, Rusiyanın regionda təsirləri və siyasəti zəifləyəcək".

M. Əsədullazadə istisna etmir ki, Putin Rusiyanın qlobal əhəmiyyətli ölkə olması yolunda konfliktlərin həllində maraqlı görünür:

"Putin uzaq Fras körfəzində münaqişələri yoluna qoymaq üçün çalışırsa və plan hazırlayırsa, Qarabağ konflikti ilə bağlı strategiyasında dəyişikliklərə gedə bilməsi mümkün ola bilər.

Azərbaycan prezidenti İlham Əliyevin Valday klubunda Qarabağla bağlı konkret mövqe ortaya qoyması artıq, münaqişənin həllində manipulyativ danışıqların sonu mesajı idi. Artıq Moskvada anlayır ki, status-kvo ilə Azərbaycan barışmır. Müvəqqəti atəşkəs yeni müharibənin anonsu ola bilər. Bu da Rusiyanın ciddi geosiyasi maraqlarına uyğun deyil. Prezident İlham Əliyevlə Putinin Qarabağ münaqişəsinin həllində ciddi nəticələrə gətirə biləcək razılaşmanın olduğunu istisna etmirəm. Rusiya yeni strategiya ortaya qoyur. Burada Ermənistanın roluna gəldikdə isə, ciddi əhəmiyyət kəsb etmir".

Firuzə Vahid / REDAKTOR.AZ