Növbəti hərbi əməliyyat ANONSU - Türkiyə ordusu SİLAHLANIR

Ağ Ev Türkiyənin qətiyyəti qarşısında faktiki geri çəkildi.
Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu ABŞ-ın Türkiyə ilə bağlı son açıqlamasına münasibət bildirib.
Politoloq hesab edir ki, ABŞ PKK uzantılarına verdiyi dəstəyə görə Türkiyə ilə qarşı-qarşıya qalmaq istəmir:
“Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlaması qardaş dövlətin haqqıdır. Çünki Türkiyə PKK və onun uzantılarının Suriyanın şimalındakı varlığına tamaşaçı qala bilməz. Sonda Vaşinqton bunu anladı. Halbuki, Pentaqon PKK uzantıları ilə Suriya ərazisində faktiki ittifaq qurmuşdu. Türkiyənin qətiyyəti bu ittifaqı ortadan qaldırmaq üzrədir.
Ağ Evin açıqlamasının ikinci cümləsinə diqqət yetirsək, burada ABŞ-ın Türkiyənin hərbi əməliyyatını dəstəkləməyəcəyi və bu əməliyyata daxil olmayacağı bildirilir. Yəni, Ağ Ev Ankaraya “sənin əməliyyatında mən yoxam” demək istəyir. Bu da bir mənada Türkiyənin ziyanına deyil. Baxmayaraq ki, Vaşinqton bir müddət Türkiyənin hərbi əməliyyatına mane olmaq istədi və bu məqsədlə görüntü yaratmaq məqsədilə türkiyəli hərbçilərlə Suriya ərazisində ortaq patrul xidməti formalaşdırdı. Ancaq bu gözə kül üfürmək idi və bunu Ankara anlayırdı. Türkiyə genişmiqyaslı əməliyyata başlamaq, terrorçuları neytrallaşdırmaq və sərhədə yaxın bölgədə bufer zonası yaratmaq istəyir. Ortaq patrulla buna nail olmaq mümkün deyildi. Ankara deyən oldu. Türkiyə Suriya ərazisində tərəfdaşı amerikalılarla toqquşmaq ehtimalından da qurtuldu. Ancaq amerikalı hərbçilər Suriya ərazisini tam tərk etmirlər. Amerikalılar Suriyanın o məntəqələrində olmayacaqlar ki, həmin məntəqələrə Türkiyə ordusu müdaxilə etmək istəyir”.
E. Şahinoğlu qeyd edib ki, Türkiyənin Suriya əraizisində İŞİD-lə mübarizə təcrübəsi var:
“Açıqlamanın sonuncu cümləsi belədir: “Türkiyə bundan sonra Amerikanın Suriyada iki ildir mübarizə apardığı və ələ keçirdiyi İŞİD terrorçularıyla mübarizəyə məsuliyyət daşıyacaq”. Ağ Ev bu açıqlamasıyla demək istəyir ki, “mən çıxıram, ancaq bundan sonra Suriyanın şimalında nə baş versə, sən məsuliyyət daşıyacaqsan”. Bu cümlədə də Türkiyə üçün zərərli gedişat görmürəm. Digər tərəfdən İŞİD onsuz da Suriya ərazisində zəifləyib. İŞİD-ə qarşı yalnız ABŞ və Türkiyə savaşmırdı. Rusiya, İran, Əsəd ordusu, “Hizbullah” - bunların hamısı İŞİD-lə savaşırdı. Bu savaş İŞİD terrorçularını taqətdən saldı. Türkiyəni Suriya ərazisində narahat edən İŞİD deyil, PKK və onun uzantılarıdır”.
Politoloq vurğulayıb ki, Türkiyə ordusu Suriyanın şimalında növbəti hərbi əməliyyata başlaya bilər:
“ABŞ maneəsi özü istəyərək ortadan qaldırıldı. Bəlkə də bu gedişat elə ABŞ prezidenti Donald Trampın da maraqlarına cavab verirdi. Çünki Trampı ABŞ ordusunun Suriyada qalmasının mənasını anlamır, buna pul xərcləmək istəmir. İndi isə amerikalı generallara “Türkiyə ilə toqquşa bilmərik ki?!”,- deyib, Suriyada hərbi fəaliyyətini minimuma endirə bilər. Tramp Türkiyə Ptrezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğuna davam etmək istəyir. Təsadüfi deyil ki, Ağ Evin açıqlamasından bir neçə saat əvvəl Tramp Ərdoğanla telefonla danışdı. Ərdoğan ABŞ-a rəsmi səfər də dəvət edildi”.
Politoloq maraqlı nüansa diqqət çəkib:
“ABŞ-ın hərbi təyyarələri Suriyanın şimal hissəsindəki hava sahəsinə nəzarət edir, uçuşlar həyata keçirirlər. Yəni, Türkiyə öz quru qoşunlarını Suriyaya istiqamətləndirsə də, hava sahəsində ABŞ ilə irtibat içində olmalıdır”.
Firuzə Vahid / REDAKTOR.AZ