Bu baş versə, Ərdoğanın nüfuzu artacaq -Yeni tarix yazılır...

 11:50 08.10.2019     224

ABŞ Türkiyə münasibətləri yeni mərhələyə keçə bilər.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Türkiyə ordusunun Suriyanın şimalında növbəti hərbi əməliyyata başlaması ilə bağlı xəbərlərə münasibət bildirib. Politoloq hesab edir ki, Fəratın şərqində terrorçular potensial olaraq Türkiyə üçün təhdiddir:

“Türkiyə öz cənub sərhədlərinin təhlükəsizliyi üçün Suriya münaqişəsi başlayandan PKK-nın qolu olan YPG terror təşkilatına qarşı hərbi əməliyyatlar keçirib. Terrorçuların nəzarətində olan Afrin və Əl-Bab Zeytun budağı və Fərat qalxanı əməliyyatı ilə təmizlənib. Ankara burada təhlükəsizlik zonası yaradıb. Ankaranın bu əməliyyatları keçirməkdə əsas məqsədi ABŞ-ın bu bölgədə kürd muxtariyyəti yaratmaq istəyinin qarşısını almaqdır. Burada Vaşinqton kvazidövlət yaradaraq, həm Türkiyə həm də Suriyaya qarşı təzyiq rıçaqlarını əldə saxlamağı planlayırdı.Bundan əlavə Şimali İraqda kürd muxtariyyəti ilə bu bölgə birləşib Aralıq dənizinə çıxış əldə edəcəkdi.Türkiyə Zeytun budağı əməliyyatı ilə bu planı fiaskoya uğratdı”.

Politoloq bildirib ki, ABŞ və Türkiyə NATO çərçivəsində müttəfiq olmasına baxmayaraq Vaşinqton Türkiyənin təhlükəsizliyini heçə sayaraq terror təşkilatı YPG-nin  güclənməsi üçün əlindən gələni edib:

“ABŞ nə qədər də desə, bu təşkilat İŞİD-ə qarşı yönəlib, burada məqsəd, əsas hədəf muxtariyyət qurmaq və Türkiyənin ərazi bütövlüyünü təhdid etməkdir. ABŞ məcburiyyət qarşısında qalıb Fəratın Şərq hissəsində Türkiyə ilə sərhəddə YPG-yə lojistik dəstək verdi. İŞİD-in Suriyada məğlub olmasına baxmayaraq,  ABŞ öz hərbi bazaları adı altında YPG üçün bazalar təşkil etdi. YPG-nin silahlandırılması davam edir. Türkiyə təbii ki, ərazisində yerləşən 2 milyon qaçqın üçün təhlükəsiz bölgə yaradaraq onları bura köçürməyi, bununla da Suriya ilə öz arasında bufer yaratmağı planlayır”.

M. Əsədullazadə qeyd edib ki, hətta ABŞ burada terrorçulara böyük miqdarda silahlar verməklə ciddi sürətdə təşkilatlandırıb:

“Ankara təbii ki, öz qaranlığında prinsipiallıq göstərdi. ABŞ prezidenti ilə telefon danışığında Ərdoğan Ankaranın hərbi əməliyyatlara başlanması anonsunu verdi. Türkiyə bilirdi ki, əməliyyata başlamasa, İraqda olduğu kimi strateji səhvə yol verib, yeni kürd anklavı ilə üz-üzə qala bilərdi. Artıq,Türkiyə ABŞ-ın Suriyada kürd planını fiaskoya uğratdı. ABŞ-ın milyardlar dollar məbləğində dəstək verdiyi YPG Birləşmiş Ştatların geosiyasi qurbanına çevrildi. ABŞ öz hərbi kontingentini geri çəkərək, müttəfiqi ilə açıq  qarşıdurmadan çəkindi. ABŞ bunu etməyə məcbur idi”.

M. Əsədullazadə istisna etmir ki, Vaşinqton pərdəarxası Ankaraya müxtəlif yollarla təzyiq edəcək:

“YPG-nin əlində olan ağır silahlar və radiokəşfiyyat qurğuları, tank əleyhinə raketlər, əldə daşınan havadan müdafiə raketləri PKK-ya ötürüləcək. Bu da Türkiyə üçün ciddi təhdid olacaq. TSQ Fəratın şərq sahilində ABŞ-ın hazırladığı YPG kürd terrorçuları ilə açıq döyüşə girəcək. Ankara bu ərazilərdə nəzarəti sözsüz bərpa edəcək. Bununla da Türkiyənin təhlükəsizlik qayğıları qismən aradan qalxacaq”.

Politoloq vurğulayıb ki, ölkə arasında əlaqələrdə ciddi fikir ayrılıqları var:

“Münasibətlər soyuqdur. ABŞ-la əlaqələr Ərdoğanla Trampın noyabr görüşündən sonra yeni mərhələyə keçə bilər. Ərdoğan qarşısında geri çəkilməsi yevangelistlər və yəhudi lobbisinin Trampa qarşı hiddətinə səbəb olacaq. Tramp düzgün qərar verdi. Həmçinin İŞİD-lə bağlı problemləri Ankaranın üzərinə atdılar. Türkiyə bu problemlərin öhdəsindən gələcək. Bu əməliyyat Türkiyə daxilində Ərdoğanın siyası nüfuzunu artıracaq və son günlərdə partiyada parçalanmaları arxa fona keçirəcək. Artıq Türkiyə yeni tarix yazmaqla öz milli təhlükəsizliyini heç bir gücə keçməyəcəyini diqtə edərək, regional güc olduğunu sübut etmiş oldu. Bu da Ərdoğanın ayağına yazılacaq. AKP bundan çox ciddi siyasi divident götürəcək. Amma, kürdlər arasında reytinqi düşəcək”.  

Firuzə Vahid / REDAKTOR.AZ