Vəziyyət daha da pisləşir - Əgər, Türkiyə çərçivəni aşarsa...

 13:45 08.10.2019     569

Tramp və Ərdoğan kimyaları uyğun gələn liderlərdir.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Politoloq hesab edir ki, Trampın Ərdoğan, Putin, Duterte kimi avtoritar liderlərə böyük simpatiyası var:

“O, çox istəyərdi ki, Konqresi, köklü dövlət qurumlarının rəyini, müxalifəti nəzərə almadan istədiyini etsin, medianı susdursun, bütün qərarları təkbaşına versin, heç kim ondan hesab sormasın. Amma sistem onu çərçivəyə salır və at oynatmasına imkan vermir.

Ötən gün Tramp və Ərdoğan arasındakı telefon danışığı zamanı ABŞ prezidenti Türkiyənin Fərat çayının şərqinə hərbi müdaxiləsinə yaşıl işıq yandırdı. Onun göstərişi ilə sərhəddəki ABŞ hərbi postları yığışdırıldı və bundan sonra Türkiyə aviasiyası ərazidə kəşfiyyat uçuşlarına başladı. Ağ Ev rəsmi açıqlama yaydı ki, Türkiyə yaxın müddətdə hərbi əməliyyata başlayacaq,  ABŞ buna qarışmayacaq, lakin Suriyanın şimalında həbsdə saxlanılan 10 min civarındakı İŞİD terrorçusunun sonrakı taleyinə də Türkiyə cavabdeh olacaq.  Ərdoğan daha əvvəl Trampa söz vermişdi ki, İŞİD məsələsi mənlikdir”.

Ş. Cəfərli bildirib ki, Trampın ticarətçi qafası ilə düşünüb hərəkət etdiyini artıq dünyada hər kəs bilir:

“O, ABŞ ordusunun Suriyada, İraqda nə etdiyini, bu işə böyük pulların hansı məqsədlə sərf olunduğunu və ölkəsinin mənfəətinin nədən ibarət olduğunu başa düşə bilmir. Hansısa mücərrəd dövlət maraqları, uzunmüddətli strategiyalar onun üçün yaddır. O görür ki, son 15-16 ildə ABŞ xaricdəki əməliyyatlara astronomik məbləğlər (2 trilyon dollar civarında) xərcləyib, amma nə əldə edib, bəlli deyil. Ona görə də Tramp ABŞ ordusunun Suriyadan, İraqdan, Əfqanıstandan çıxarılmasını istəyir. Ərdoğan da həm Trampın bu mövqeyindən, həm də aralarındakı şəxsi münasibətlərdən yaxşı istifadə edir. Aralarında olan telefon danışığında o, yeni Suriya əməliyyatı üçün Trampın razılığını almaqla bərabər, həm də gələn ay Vaşinqtona dəvət olundu. Lakin Ərdoğan Amerikan sisteminin özəlliklərini (checks and balances) və Trampın nataraz, güvənilməz adam olduğunu nəzərdən qaçırır”.

Politoloq qeyd edib ki, Trampın bu qərarını kimsə ilə məsləhətləşmədən təkbaşına qəbul etdiyi məlum olduqdan sonra, Vaşinqtonda etirazların başlaması təsadüfi deyildi:

“Etiraz edənlər demokratlar olsaydı, Tramp yəqin ki, bunu qulaqardına vuracaqdı, lakin Senatdakı cümhuriyyətçilərin liderlərindən olan Lindsi Qrem (Lindsey Graham) və Marko Rubionun qərara qarşı çıxmaları prezident tərəfindən nəzərə alınmaya bilməz, xüsusən də impiçment proseduru ərəfəsində. Qrem bildirdi ki, Tramp qərarından vaz keçməsə, ABŞ ordusunun Suriyadan çıxarılmasını qadağan edən qanun layihəsi təqdim edəcək, Türkiyə Suriyaya hərbi müdaxilə edərsə, ona qarşı sanksiyaların tətbiqinə dair demokratlarla birlikdə qanun layihəsi hazırlayacaq, kürd hərbi qüvvələrinə (YPG) hücum ediləcəyi təqdirdə, Türkiyənin NATO-dan xaric olunması məsələsi qaldırılacaq. Rubio isə Suriyadan çıxmaq qərarının böyük xəta olduğunu və İranı gücləndirəcəyini vurğuladı. Senatdakı cümhuriyyətçi çoxluğun lideri Makkonnel (McConnel) də ABŞ-ın Suriyadan çıxmasının Rusiya, İran və İŞİD-ə xidmət edəcəyini bəyan etdi. İsrail lobbisi də ABŞ-ın Suriyada mövqelərinin zəifləməsinin qəti əleyhdarıdır. Nəticədə basqılar qarşısında Tramp yeni açıqlama yaydı ki, Türkiyə Suriyada onun müəyyənləşdirdiyi çərçivələri aşarsa, Türkiyənin iqtisadiyyatını məhv edəcək”.

Ş. Cəfərlinin sözlərinə görə, Qrem və Trampın açıqlamalarından sonra türk lirəsi dollar və avro qarşısında 2%-dən çox ucuzlaşdı:

“1 dollar 5,83 TL-ni, 1 avro 6,40 TL-ni ötdü. Ankaranın bu mərhələdən sonra qərarından vaz keçməsi böyük prestij itkisinə səbəb olar. Türkiyə 30 km dərinliyində və 180 km uzunluğunda təhlükəsizlik zonası yaratmaq istəyir, mümkündür ki, əməliyyat planlaşdırılandan daha məhdud miqyasda gerçəkləşdirilsin”.

Firuzə Vahid / REDAKTOR.AZ