MÜHARİBƏ BAŞLAYIR? - Ermənilər müdafiəni gücləndirir

 14:45 08.10.2019     929

Qarabağ münaqişəsinin həllində müharibə qaçılmazdır, zaman məsələsidir.

Hərbi icmalçı Nazim Bayramov Redaktor.az-a açıqlamasında Qarabağ münaqişəsi ətrafında gedən prosesləri təhlil edib. N. Bayramov hesab edir ki, proseslər məhz müharibə istiqamətində inkişaf edir:

“Ermənistan rəhbərliyi son bəyanatları ilə danışıqları aşkar iflasa uğradıb. Paşinyanın Putinlə İrəvanın “Zvartnos” aeroportunda baş tutan (Paşinyanın təbirincə,“parlaq”) görüşündən sonra Lavrovun, Ermənistan rəhbərliyini Qarabağ danışıqlarındakı mövqeyinə görə açıq və kəskin tənqid etməsi “aeroport görüşü”nün nəticələrinin heç də parlaq olmadığını aşkar elədi. Lavrovun ifadələrindən açıq sezilirdi ki, o, Putinin yanında qan soydaşlarına görə xəcalət çəkdiyindən onlara qıcıqlanıb. Ermənistan rəhbərliyinin Qarabağla bağlı bəyanatlarını Albaniyanın Kosovaya iddiaları ilə müqayisə edən təcrübəli diplomatın dilinə bu tip analogiyalar təsadüfən gəlmir. Fikir versək, Kosovo münaqişəsində Rusiya Kosovonu tanımır, daim və birmənalı Serbiyanın ərazi bütövlüyünü müdafiə edir. Kremlin Paşinyanın qulağını burması eyni zamanda, qəzəblənmiş Azərbaycanı sakitləşdirmək məqsədini güdürdü. Davamında Lavrov erməniləri də sakitləşdirir, "... İrimiqyaslı hərbi əməliyatların başlanma təhlükəsini görmürəm. Rusiya bunun baş verməməsi üçün mümkün olan hər şeyi edəcək”.

N. Bayramov vurğulayıb ki, Putin hələ İrəvana getməmişdən əvvəl, İlham Əliyevi “Valday” diskusiya klubuna dəvət etmişdi:

“Valday” klubu Putinin şəxsi ideyası əsasında yaradılıb, dünya gündəmini formalaşdıran beynəlxalq platformalardan biridir. Tədbirdə xüsusi dəvət olunmuş qonaq kimi iştirak edən İlham Əliyevin çıxışındakı “nida işarəsi” ifadəsini, Paşinyana cavabdan daha çox, regionun aparıcı ölkəsinin sahiblik etdiyi tribunadan, Ermənistana sərt publik xəbərdarlıq kimi qiymətləndirmək olar. Əlbəttə, məsələdə Rusiyanın Ermənistanı Azərbaycanla təhdid etməsi elementi var, həmişə olub və hətta 1991-ci ilin referendumundan sonra təhdid bir dəfə gerçəkləşdirilmişdi. Məhşur Çaykənd və digər əməliyatların adını çəkə bilərəm. Ancaq böyük siyasət belədir. Şəxsən birini mənimlə qorxudanda bunun mənə əskiklik gətirməsini düşünmürəm, əksinə, gücümün və əzmimin dolayısıyla etirafıdır”.

Hərbi icmalçının sözlərinə görə, Azərbaycan ictimai fikrində müharibənin başlamasına inam olmasa da, Ermənistan və Dağlıq Qarabağ separatçıları son iki ayda ali dövlət strukturları daxil olmaqla, iki müharibə təlimi keçiriblər:

“Ermənilər apreldən dərs çıxardılar ki, Azərbaycan Rusiyanın dostu Serj Sarkisyanın vaxtında Qarabağa zərbə endirməyə Rusiyadan “dobro” alıbsa, Rusiyanın dostu olmayan Paşinyanın vaxtında belə “dobro”nu təbii ki, daha asanlıqla alar. Və ya Azərbaycan apreldə razılıq almayıbsa, Rusiya ilə hesablaşmadan hərbi zərbə endiribsə, bunu Paşinyanın vaxtında daha böyük miqyasda təkrar edə bilər. S.Sarkisyan Azərbaycanın hərbi əməliyatlar başlamaq qərarında sərbəstliyini düz qiymətləndirmədiyindən bədəlini hakimiyəti ilə ödədi”.

N. Bayramov qeyd edib ki, Paşinyan hər cür “cəsarətli” populist bəyanatlar verə bilər:

“Ancaq əməldə Ermənistan dövlət səviyəsində müdafiə hazırlıqları aparır. Sözlə aldatmaq olar, əməl isə reallıqdır. Qarabağ danışıqlarının dalana dirənməsi, Ermənistanın Azərbaycanı müharibəyə təhrik edən ultimativ ritorikası və Rusiya ilə antaqonist zidd olan geosiyasi meyilləri müharibəni yaxınlaşdırır”.

Firuzə Vahid / REDAKTOR.AZ