ABŞ-ın Türkiyə ilə bağlı GİZLİ PLANI - Rusiya TƏRƏFİNİ SEÇDİ

Bu gün Türkiyəyə qarşı çox güclü koalisiyalar birkləşməkdədir.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyada yeni əməliyyatlara başlamasının Qərb müttəfiqləri ilə münasibətlərinə təsirlərindən danışıb.
Politoloq hesab edir ki, rəsmi Ankara bu gün beynəlxalq və qlobal çağırışlarla üz-üzədir:
“Türkiyənin hərbi və siyasi müttəfiqi ABŞ-ın son davranışları təəssüf doğurur. Suriyada münaqişə başlayandan sonra Türkiyə NATO-dakı öz müttəfiqlərindən, eyni zamanda ABŞ və digər ölkələrdən Suriyanın şimalındakı vəziyyətlə bağlı tədbir görmələrini tələb edir. Lakin zamanında soyuq müharibə dövründə Türkiyədən SSRİ-yə, bəzi Yaxın Şərq ölkələrinə qarşı istifadə edən Qərb ölkələri rəsmi Ankaraya lazım olduğu anda dəstəkdən imtina etdilər. Ərdoğan praqmatik siyasətçidir. O, Türkiyə tarixində yeganə liderdir ki, onun dövründə Türkiyə Qərbə şərt qoyub, Qərbdən bərabərhüquqlu tərəfdaşlıq istəyib. Lakin bütün bu illər ərzində Qərb Türkiyəyə kiçik ölkə kimi baxıb. Bu ölkələr Türkiyənin milli maraqlarını heçə sayan siyasət həyata keçirib”.
Politoloq qeyd edib ki, artıq Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacağı bəllidir:
“Qərb koalisiyasından başqa, Türkiyə dəfələrlə Bəşər Əsədi, rusiyalı rəsmi və digərlərini də Suriyanın şimalında tədbir görməyə çağırmışdı. Türkiyənin sözlərini qulaqardına verən hər kəs analamalıdır ki, Türkiyə Ordusu yenə də Suriyanın şimalını bundan öncə olduğu kimi terrorçulardan təmizləyəcək. Bu Türkiyənin milli maraqları üçün mühümdür. Türkiyənin müstəqilliyi, təhlükəsizliyi məhz Suriyadan, İraqdan, Ermənistandan başlayır. İmkan vermək olmaz ki, orada kürd qruplaşmaları tərəfindən böyük region yaradılsın”.
Z. Məmmədov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı bəyanatı çox təəssüf doğurur:
“Tez bir zamanda Türkiyə həm öz dövlət resurslarından, həm də xaricdəki ayrı-ayrı qrupların lobbi təşkilatlarından istifadə edərək, milli maraqlarının reallaşması üçün tədbirlər görməlidir. Rəsmi Ankara bu gün beynəlxalq və qlobal çağırışlarla üz-üzədir. Bu çağırışların əsas məqsədi Türkiyəni zəiflətməkdir”.
Politoloq istisna etmir ki, öz siyasi müttəfiqlik rolunu yerinə yetirməyən Qərb bu gün də Suriyanın şimalının kürd terrorçulardan təmizlənməsində Türkiyəyə mane olmaq istəyir:
“PKK terror qruplaşmalarının himayədarları elə başda ABŞ olmaqla Avropa dövlətləri idi. ABŞ-ın Türkiyə ilə bağlı siyasətinin senarisi ondan ibarətdir ki, bu ölkənin başında müstəqil siyasət aparan, Qərbin maraqlarını deyil, ölkəsinin milli maraqlarını reallaşdıran lider olmamalıdır. Ərdoğan hakimiyyətə gələndə onların bu tələbinə cavab verən siyasət yürüdürdü. Ancaq son illər onun apardığı siyasət tamamilə Türkiyənin maraqlarına hesablanmış, müstəqil və ABŞ maraqlarını və davranışlarını heçə endirən siyasətdir”.
Politoloq ABŞ və Türkiyə arasında baş verənlərə Rusiyanın necə reaksiya verəcəyinə də aydınlıq gətirib:
“Baş verənlər Rusiyanın maraqlarına tamamilə uyğundur. Rusiya bundan əvvəl bəyan etdiyi kimi kürd qruplaşmalarının Suriyanın şimalında faktiki olaraq, türklərə qarşı mübarizəsində yəqin ki, siyasi bəyanatlarla Ankaranın yanında olacaq. Amma biz bilirik ki, istər Rusiya, istərsə də ABŞ kürd terrorçu qruplaşmalarının arxasında dayanıb. Sadəcə PYD-YPG-nin bir neçə il bundan öncə etdikləri səhv onlarla Rusiya arasındakı münasibətləri də soyudub. Bundan öncə olduğu kimi rəsmi Ankara mütləq şəkildə Suriyanın və İraqın şimalında güclənməli, terrorçulara qarşı mübarizəsini davam etdirməlidir”.
Z. Məmmədovun sözlərinə görə, regionda Türkiyə faktoru Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün çox ciddi amildir:
“Hər bir halda güclü Türkiyə güclü Azərbaycan deməkdir”.
Firuzə Vahid / REDAKTOR.AZ