"Aİ və BMT utanmaz-utanmaz bunu tələb edir" - "Peşimanı kim olacaq, bilmirəm..."

İndiyə kimi edilən çağırışlara baxmayaraq, Türkiyənin ərazi bütövlüyünə, onun vətəndaşlarına olan təhdidi ciddiyə almayıblar.
Redaktor.az bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlara münasibət bildirib.
Politoloq hesab edir ki, Türkiyə üçün antiterror əməliyyatlarına başlamaqdan başqa yol yox idi:
“Rəsmi Ankara dəfələrlə PYD-YPG-ni, Vaşinqtonu, Brüsseli, Dəməşqi, Moskvanı Suriyanın şimalı ilə bağlı tədbirlər görməyə çağırıb. Lakin, onlardan heç biri kürd terror qruplaşmalarının Türkiyənin ərazi bütövlüyünə, onun vətəndaşlarına olan təhdidini ciddiyə almayıblar. İndi isə növbə antiterror əməliyyatlarında olmalıdır. Ancaq maraqlısı odur ki, utanmaz-utanmaz Aİ, BMT Türkiyədən Suriyanın şimalına girməməyi tələb edir. Məgər dünyanın ayrı-ayrı terror qruplarına maliyyə dəstəyini verən siz deyilsinizmi?! Məgər istədiyiniz ölkənin ərazi bütövlüyünü pozaraq, oranı xaosa və anarxiyaya çevirən siz deyilsinizmi?! Qərb koalisiyasının məqsədi Suriyanı vətəndaş müharibəsi məkanına çevirmək idi və onlar buna nail oldular. İndi Suriyada vəziyyət sabitləşərkən, İŞİD üzərində qələbə çalınarkən Vaşinqton və Brüssel bu qələbədə paylarının olduğunu bildirirlər”.
İqtisadçı ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib.
Ekspert hesab edir ki, bu əməliyyat Türkiyəni zəiflədə, iqtisadiyyatına böyük zərbə vura bilər:
“Ümid edirəm ki, Türkiyə bu bataqlığa tam batmayacaq. Çünki, illərlə qurudulması çətin olacaq bataqlıq Türkiyənin gələcəyi üçün təhlükəlidir. Türkiyə ordusu güclüdür, açıq hərbi savaşda istənilən “kürd” terror birləşmələrini darmadağın edə bilər. Amma bölgədə “hibrid” müharibə gedir, bir müddət sonra “partizan” müharibəsinə də dönə bilər. Türk əsgəri səhərin işığında adi kəndli, qaranlıq düşən kimi isə silahlı başkəsənə çevrilən düşmənlə üzbəüz qala bilər. Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər”.
İqtisadçı bildirib ki, Türkiyə iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil:
“Tramp 1 tvit ilə lirəni 2,5% dəyərdən sala bilirsə, birja günə 3% dəyər itirirsə, deməli qardaş ölkənin iqtisadiyyatı güclü deyil. Türkiyə, faktiki tək qalıb. Həm Rusiya, həm İran, həm də ABŞ öz maraqlarına görə Türkiyənin o bataqlıqda daha dərin batmasını istəyir və bu ölkələrin heç birinin marağı rəsmi Ankaranın marağı ilə üst-üstə düşmür. Tam tərsinə, hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir. Belə ki, Rusiya Türkiyənin əli ilə ABŞ-ı oradan çıxartmaq, Əsədə müxalif kürdləri məhv etmək istəyir. ABŞ rəsmi Ankaranın əli ilə Rusiya və İranı orada zəiflətmək, amma kürdləri də ayaqda saxlamaq niyyətindədir. İran da elə Rusiya ilə eyni hədəflərə çatmaq istəyir, amma əsas hədəf Əsədin qalması, İran-İraq-Suriya-Livan şiə xəttinin işlək olmasıdır”.
N. Cəfərli bildirib ki, Türkiyənin müdaxiləsindən ən çox Əsəd qazanır:
“Dünənə qədər "qatil Əsəd" deyilən biri, indi Türkiyənin dəstəyi ilə ölkənin tamamına hakim olmaq istəyir. Suriyada olan-bitənlər Türkiyənin xarici siyasətdə fiaskosunun nəticəsidir. Siyasətçilərin vaxtilə buraxdığı səhvləri indi Mehmetçik düzəltməyə çalışır”.
Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə ölkənin şimalında təhlükəsizlik bölgəsi yaratmaq üçün PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatına başlayıb.
Firuzə Vahid / REDAKTOR.AZ