Siyasəti ideal deyil, amma addımı doğrudur - QAFSAM sədrindən AÇIQLAMA

 16:26 10.10.2019     569

Türkiyənin beynəlxalq münasibətlərdə çox ciddi rolu var.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında gedən əməliyyatlara edilən etirazlara münasibət bildirib.

A. Aslanlı hesab edir ki, Türkiyənin sayəsində bir çox dövlət beynəlxalq hüququ, ərazi bütövlüyü, güc tətbiq edilməməsi prinsipini və s. dəyərləri xatırlayır:

“ABŞ başda olmaqla bir çox dövlət illərdir ki, Əfqanıstan, İraq, Suriya və digər bəzi dövlətlərin ərazisinə müdaxilə edir. Bu ölkələr ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və s. prinsipləri pozurlar, hətta dəfələrlə açıqca mülki hədəfləri vurublar. Amma ərəb dövlətləri də daxil olmaqla çox sayda dövlətin səsi çıxmayıb. Elə ki, Türkiyə ağır terror təhlükəsinə cavab kimi İraq ya da Suriyaya doğru kiçik bir əməliyyat keçirir, o dəqiqə ərəb dövlətləri bir yandan, AB bir yandan başlayırlar ki, sərhədlərin toxunulmazlığı belə getdi, suverenlik belə gəldi. Ermənistan Azərbaycanın ərazilərini illərdir ki, işğal altında saxlayır, buna ciddi bir etiraz yoxdur. Şəxsən mən getdikcə düşünməyə başlamışdım ki, bəlkə bu dövlətlər beynəlxalq hüququn var olduğunu ümumiyyətlə unudublar. Amma Türkiyənin kiçik bir əməliyyatı üçün tufan qoparmağa başladılar ki, beynəlxalq hüququn prinsipləri pozulur. Mən də qismən sevindim ki, bunlar ən azı beynəlxalq hüququn var olduğunu unutmayıblar. İndi onun əsl mahiyyətini də bunlara başa salmaqla bağlı məsələ qalır”.

A. Aslanlı vurğulayıb ki, Türkiyə hazırda dünyada məruz qaldığı təhlükəsizlik risklərinə ən yumşaq qarşılıq verən, terror təhlükəsinə qarşı mübarizəsində hüquqi dəyərləri ən çox gözləyən dövlətdir:

“Siyasəti ideal olmaya bilər. Həm öz maraqları, həm də ümumi prinsiplər baxımından qüsurları var. Amma Türkiyənin xarici hərbi müdaxilələri ağır təhdidlərə cavabdır. Bu böyük terror aksiyalarından sonra və böyük risklərə cavab olaraq edilir. Qısamüddətlidir. Qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə risk təşkil etmir. Risk və riskə qarşı cavab addımı müqayisəsini aparsaq, xarici hərbi müdaxilə edənlər içərisində beynəlxalq hüquqa ən bağlı olanının Türkiyə olduğunu görə bilərik”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən