Azərbaycan BMT-yə müraciət etməlidir - Həll prosesinə Rusiya mane olur

 15:05 12.10.2019     592

Qarabağ Azərbaycanın, azərbaycanlıların milli qürur məsələsidir. Heç bir dövlət özündən dəfələrlə zəif bir dövlətin işğalının sona çatacağını oturub səbirlə gözləməzdi.

Diplomatik danışıqlar, hərbi yol nəticə vermir. Hər dəfə mətbuat konfranslarında Dağlıq Qarabağ münaqişəsini kökündən tərpətməyin vaxtının çatdığı bildirilir. Amma ortada nəticə yoxdur. Maraqlıdır nəyi və kimi gözləyirik? Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün hansı zəruri addımlar atılmalıdır?

Məsələ ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a danışıb.

Sabiq müşavir hesab edir ki, Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün mütləq hərbi əməliyyatlara ehtiyac olacaq:

“Erməniləri həmin ərazilərdən başqa cür çıxartmaq hələ ki, mümkünsüz görünür. Belə şəraitdə hərbi əməliyyatların keçirilməsi çox vacibdir. Hərbi əməliyyatın başlanmasına isə mane olan Rusiyadır. Ötən gün Rusiyanın xarici işləri naziri Sergey Lavrov da açıq şəkildə bəyan etdi ki, Rusiya heç vaxt Azərbaycanla Ermənistan arasında hərbi münaqişənin yenidən alovlanmasına imkan verməyəcək. Onlar açıq surətdə erməniləri müdafiə etdiklərini biruzə verdilər. Belə olan halda Azərbaycan alternativ yollar axtarmalıdır. Yenə də siyasi-diplomatik fəaliyyət ön plana keçir. Azərbaycan beynəlxalq sülhün və əmin-amanlığın təminatçısı kimi BMT-yə müraciət etməlidir. Problemin BMT çərçivəsində ya Təhlükəsizlik Şurası, ya da Baş Məclisdə müzakirə olunmasına nail olmalıyıq. ATƏT-in Minsk Qrupu da Qarabağ münaqişəsinin həllini üzərinə götürən qurumdur. Azərbaycan ATƏT-ə də müraciət etməlidir. ATƏT BMT-dən sonra dünyada ikinci nüfuzlu, böyük təşkilatdır. Bu təşkilatın yaratdığı Minsk Qrupunun səmərəsiz diplomatik axtarışları heç bir nəticə vermir. Həmin təşkilatla da ciddi, sərt mövqedən danışıqlar aparılmalıdır ki, onlar işğal şəraitində həmin torpaqlarda məskunlaşma, əhalinin yerləşdirilməsi kimi addımların qarşısını alsın”.

Q. Hüseynli vurğulayıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktına siyasi qiymət verilməsinə çalışmalıdır:

“İndiyə qədər müəyyən cəhdlər olsa da, hələ ki, buna nail olmamışıq. Hələ də torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq qurumlar tərəfindən təsdiqlənməsinə (Avropa Şurası istisna olmaqla) nail ola bilməmişik. İsrailin Fələstin torpaqlarını işğal etməsi, işğalçı dövlət olması dünya tərəfindən tanındığı kimi, Ermənistanın da işğalçı dövlət kimi tanınmasına nail olmalıyıq. Avropa Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etsə də, bu məsələdə çox ehtiyatlı davranmaqda davam edir. Azərbaycan diplomatik səylərini işğal faktının dünyada qəbul edilməsinə yönəltməlidir. Azərbaycan ərazilərində etnik təmizləmə, 1 milyondan artıq insanın dədə-baba yurd-yuvasınan qovulması faktı təsdiq edilməlidir. Bir sözlə biz beynəlxalq ictimai rəydə Ermənistanın işğalçı siyasətini, onun doğurduğu ağır nəticələti sübut edib, faktlarla təsdiqləsək, sənədlərdə bu faktların əksini tapmasına nail olsaq, Ermənistanın nazlanmasına əsas qalmaya bilər. Azərbaycan diplomatiyası hücumçu siyasət yürütməli və bu məsələdə yaranmış status-kvonun dəyişdirilməsi üçün gecə-gündüz işləməlidir”.

Firuzə Vahid / REDAKTOR.AZ