Rusiyalı deputatı Qarabağa kim göndərib,niyə göndərib?

 16:32 14.10.2019     314

Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın yanaşması regionda destablizasiyaya xidmət edir.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, məhz Rusiya dövlət dumasının deputatı Zatulinin Qarabağa gəlişi, burada Azərbaycana qarşı təxribatçı mesajlar verməsi, həmçinin separatçı qurumla Rusiya hökuməti arasında əlaqələrin inkişaf etdirilməsi üçün danışıqlar aparması çox təhlükəli tendensiyadır:

“Zatulinin işğal olunmuş ərazilərə səfərində aşağıdakı məqsəd var. Birinci, Zatulin separatçılara dəstək verməklə, Rusiya hökumətinin Paşinyan iqtidarına qarşı onların yanında olduğu mesajını verdi. Demək, Rusiya hakimiyyəti Qarabağ klanının son qalası olan separatçılara birbaşa siyasi dəstək verməklə, burada keçiriləcək qondarma seçkilərdə Paşinyana qarşı istifadə edəcək. İkincisi, Zatulin Paşinyanla deyil, işğal olunmuş ərazilərdə klan nümayəndələri ilə danışıqlar aparır. Onları mövcud Ermənistan hakimiyyətinə qarşı səfərbər edir. Üçüncüsü, Kreml Cənubi Qafqazda separtizmdən öz siyasi məqsədləri üçün istifadə edir. Bu siyasəti reallaşdırmaqla, qonşu və strateji tərəfdaşı Azərbaycana da təzyiqlər etmiş olur”.

M. Əsədullazadə vurğulayıb ki, Rusiya hakimiyyəti Qarabağ münaqişəsindən və separtçılardan istifadə etməklə, Ermənistanda hakimiyyət dəyişikliyinə və Azərbaycana qarşı vəkalət müharibəsi aparmaqda israrlıdır:

“Azərbaycanın səylərinə baxmayaraq, Moskva Soçidə və Aşqabadda münaqişənin həlli ilə bağlı real danışıqlar imkanından yayındı. Çünki, separtizmin davam etməsində Rusiya maraqlı görünür. Baxmayaraq ki, proseslər Rusiyanın əleyhinə işləyir. Zatulini Qarabağa göndərməklə, bir daha göstərir ki, Moskva MDB məkanında bu siyasətinə sadiqdir”.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Firuzə Vahid / REDAKTOR.AZ