"İran Azərbaycanı öz ərazisi hesab edir" - Əgər, "hə" desək...

 17:14 14.10.2019     441

İşğal olunmuş torpaqlarımızı ermənilərlə üz-üzə qalsaq, qısa müddətdə hərb yolu ilə geri qaytara bilərik.  

Redaktor.az bildirir ki, bu sözləri hüquqşünas, ekspert Əkrəm Həsənov deyib.

Ekspert hesab edir ki, hazırkı geosiyasi çərçivədə bu mümkün deyil:

“Qlobal oyunçuların güc nisbəti xeyrimizə deyil və nisbət dəyişməsə, problem də həll olunmayacaq. Sırf bizim problemimiz müstəvisində 4 əsas oyunçu var: 1) Qərb; 2) İran; 3) Rusiya; 4) Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı”.

Ə. Həsənov bu oyunçuların mövqeyinin nədən ibarət olmasına aydınlıq gətirib:

“Ötən əsrin 80-ci illərində Qarabağ probleminin yaranmasının əsas səbəbkarı məhz Qərbdir. Səbəb isə SSRİ-nin dağıdılması idi. Separatçılıq kənardan dəstək almasa, yeriməz. ABŞ ərazisindəki erməni lobbisinin əli ilə SSRİ-nin ilk daxili problemini yaratdı. Qərbi bu əsnada nə biz, nə də ermənilər maraqlandırmırdı. SSRİ dağıldı və Qərbin marağı soyudu. Dağılmış SSRİ ərazisində yiyəsiz və ac qalmış rus qoşunlarına kim daha çox pul verdisə, onun üçün də vuruşdular. Bizim başımız daxili çəkişmələrə qarışdı, Qərbdəki erməni lobbisi rus qoşununa pul verib ərazilərimizi işğal etdirdi. Qərb də hazırda bunu (yəni ərazilərimizin faktiki ermənilərdə olduğunu) qəbul edib, vəziyyətin dəyişməsində maraqlı deyil. Çünki hər iki tərəfdən Rusiyanın əleyhinə istifadə etməkdə maraqlıdır. Yəni biz rusların tərəfini tutsaq, bizi Kosovonu itirmiş Serbiyanın, Qərbin tərəfini tutsaq, bizi Abxaziya və Osetiyanı itirmiş Gürcüstanın aqibəti gözləyir. Balanslaşdırılmış xarici siyasətimiz də məhz bundan irəli gəlir. Qərbin son məqsədi Rusiyanın parçalanmasıdır. Bu məqsədə nail olsa, Qərb bizə açıq deyəcək ki, olan olub, keçən keçib, ermənilər artıq orada yaşayır, insan haqları, demokratiya hər şeydən irəlidir və s. Uzaqbaşı bizə bir az maliyyə yardımı edib və müəyyən birliklərə qəbulla şirnikləndirib sakitləşməyimizi tələb edəcəklər. Ölkəmizdəki liberallar da Qərbin tərəfini tutacaq. Çünki Qərb onları hakimiyyətə gətirmək istəyəcək. Həmin milli liberallarımız elə indi də belə düşünür. Onlar üçün əsas Qərblə bir olmaq, Qərbin dəyərlərini Azərbaycanda bərqərar etməkdir. Azərbaycanın ərazi məsələsi onlar üçün heç ikinci dərəcəli problem də deyil”.

Ə. Həsənov bildirib ki, İran Azərbaycanı öz ərazisi hesab edir:

“İrandakı rejimin də buna aidiyyəti yoxdur. İstər molla, istər liberal tumançaqlar rejimi olsun, İranın mövqeyi bəllidir: Azərbaycan vilayətlərimizdən biri olsun, biz də Qarabağın Azərbaycana məxsus olmasında maraqlı olaq. Hazırda İran başa düşür ki, mövcud şəraitdə bu mümkünsüzdür. Əksinə, cənubi azərbaycanlıların bizə meyli güclüdür. Buna görə də bizə deyil, ermənilərə dəstək verir. Eyni zamanda Rusiya da İran kimi Azərbaycanı öz ərazisi hesab edir. Fərq yalnız ondan ibarətdir ki, İran bizi adi vilayəti, Rusiya isə SSRİ-də olduğu kimi muxtar (müttəfiq) respublikası kimi görür. Buna razı olsaq, Rusiya da Qarabağın bizə məxsus olduğunu təmin edəcək. Hələlik isə Rusiya Qarabağdan həm bizə, həm Ermənistana qarşı alət kimi istifadə edir ki, Qərbə tərəf əyilməyək”.

Ə. Həsənov vurğulayıb ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı sırf bizə görə Ermənistanla heç bir əlaqə qurmur, onu tanımırlar:

“Yəni heç bir oyunbazlıq etmirlər, mövqeləri birmənalı olaraq bizim xeyrimizədir. Deməli, qlobal geosiyasi vəziyyət bu ölkələrin xeyrinə dəyişərsə, bizim üçün də torpaqlarımızı qaytarmaq real olacaq. Məsələn, necə ki, indi Türkiyə Suriyaya daxil olub kürd terrorçularına qarşı əməliyyat aparır və qlobal oyunçular bunu qəbul etmək məcburiyyətindədir, bizə münasibətdə də belə vəziyyət yarana bilər. Sözügedən 3 ölkənin dünyaya hökmran olması vacib deyil. Qərb, Çin və Rusiyanın bizə dəstək verən bu ölkələrin regional deyil, qlobal oyunçu olduğunu tam qəbul etməsi və onlarla açıq toqquşmadan çəkinməsi əsasdır. Təbii, burada İslam həmrəyliyi də mühüm rol oynayır. Müsəlmanlar birləşdikcə, problemləri də həll olunacaq”.

Ə. Həsənov vurğulayıb ki, Qərb bizə kömək etməyəcək:

“İran onun vilayəti olsaq, kömək edəcək. Belə olan halda Qarabağ da həmin vilayətin tərkib hissəsi olacaq. Rusiya isə onun federal subyekti olsaq, Qarabağ həmin subyektin tərkib hissəsi olması şərti ilə kömək edəcək. Kömək edən isə yalnız Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı olacaq. Amma bunun üçün onlar güclənməli, dünyada rolu artmalıdır. Deməli, biz də bunda maraqlı olmalı, bu prosesə dəstək verməliyik. Amma eyni zamanda özümüz də güclənməliyik. Əks halda bizə kömək edənlərdən asılı vəziyyətə düşə bilərik!".

Firuzə Vahid \ REDAKTOR.AZ