"Türk Şurasının birləşməsinə mane olan amillər çoxdur" - Analitik AÇIQLADI

 16:20 15.10.2019     470

Türk Şurasının birləşməsinə mane olan amillər çoxdur.

Analitik Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında türkdilli ölkələrin gələcəkdə birləşərək qlobal gücə çevrilməsi perspektivindən danışıb.

Analitik hesab edir ki, bu ölkələrin çox geniş potensialı var:

“Türk dövlətlərinin bir çoxunun dövlətçiliyi ümumiyyətlə olmayıb və onlar toplum şəklində ayrı-ayrı dövlətlərin tərkibində yaşayıblar. Daha sonra sovet imperiyası dövründə milli şüur başqa olub. Xüsusilə də, Orta Asiyanın türk dövlətləri bu prosesdə daha çox assimilyasiyaya məruz qalıblar. Türk sözündən məqsədyönlü şəkildə qorxu əmələ gətirilib. Onlara aşılamağa çalışıblar ki, vahid türk milli anlayışı qəbul edilərsə, qazax qazaxlığını, türkmən türkmənliyini, özbək özbəkliyini  itirəcək. Amma bununla yanaşı, həmin dövrdə dilin assimilyasiyası prosesi davam etdirilirdi. Zaman keçdikcə sübuta yetirildi ki, genetik yaddaşı pozmaq mümkün deyil. Düşünən başları kəsə bilərsən, ancaq onun yerində yeniləri meydana gələcək. Bu başlar birbaşa qandan qidalandığı üçün yenə də milli düşüncəyə sahib olacaqlar. Bu baxımdan türk birliyinin heç kimin əleyhinə olmadığını ortaya qoymaq, bunun bizim milli haqqımız olduğunu sübuta yetirmək üçün böyük bir mərhələ keçdik”.

E. Mirzəbəyli vurğulayıb ki, eyni kökə, mədəniyyətə, tarixə malik olan xalqların bir yerdə olmasına qısqanclıqla yanaşma anormal haldır:

“Bizim də millət, toplum olaraq, bir yerdə olmağa, inteqrasiya, inkişaf etməyə haqqımız var. Digər tərəfdən Orta Asiyanın türk respublikalarında milli şüurun oturuşması üçün də zaman lazım idi ki, insanlar özlərinin milli kimliklərini dərk etsinlər. Azərbaycan hər zaman türk dünyasının ideya generatoru rolunu oynayıb. Bu prosesdə daha sonra Qazaxıstan aktiv şəkildə iştirak edib. Bu, zaman aparan məsələdir və asan başa gələ bilməz. Təsəvvür edin, 100 ildən artıq müddətdə ayrı salınan xalqları bir araya gətirirsən. Amma bugünkü reallıqda - Özbəkistanın Türk Şurasına qatılması, Macarıstanın müşahidəçi kimi iştirak etməsi Türk Şurasının effektivliyini, perspektivliyini sübuta yetirir”.

Analitik qeyd edib ki, türk ölkələri hamısı bir-birinə çox yaxın coğrafiyada yerləşir:

“Yəni prinsip etibarilə biz həm də region dövlətləriyik. Bu da bizə geniş iqtisadi, siyasi əlaqələrin qorunub saxlanılması, gələcəkdə, hətta təhlükəsizliklə bağlı ortaq mexanizmlərin yaradılması imkanı verir. Dünyada təhlükəsizlik amilinin ön plana çıxdığı məqamda əsas məsələ millətlərin özünü qoruma və assimilyasiyadan xilas etmə identikliyinin qorunması anlayışıdır. Biz ya türk xalqları olaraq, başqa mədəniyyətlərin içərisində əriməliyik, ya da birlikdə olub eyni mədəniyyət çərçivəsində inteqrasiya prosesini qoruyub saxlamaqla, nəhəngliyimizi, böyüklüyümüzü, gücümüzü ortaya qoyaraq, təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa alternativi yoxdur”.

Analitik türk dövlətlərinin bir qisminin Qərbə, bir qisminin isə bunun əksinə inteqrasiya etməsi fikri ilə razı deyil:

“Ortalıq Qərbə yaxud Şərqə inteqrasiya edən bir dövlət görmürəm. Ortalıqda çoxvektorlu siyasət yürüdən dövlətlər var. Prinsip etibarilə indiki şəraitdə söhbət Türkiyənin NATO ilə müttəfiqliyindən gedirsə, Türkiyə Rusiya ilə də münasibətləri inkişaf etdirir. Digər Orta Asiya türk respublikaları da öz maraqlarından çıxış edirlər. Onların birmənalı şəkildə Qərbə yaxud digər istiqamətə inteqrasiya etdikləri ilə bağlı fikir söyləmək düzgün deyil. Bu dövlətlər ilk növbədə öz təhlükəsizliyini qorumağa çalışırlar. Rusiya bu dövlətlərlə yaxın həmsərhəd dövlətdir. Bu ölkələrlə Rusiya arasında tarixi əlaqələr var. digər tərəfdən bu ölkələr Qərblə ticarət əlaqələrini genişləndirir, qoruyub saxlamağa çalışırlar. Bir sözlə, Rusiya faktoru regionda nəzərə alınmalıdır və alınır da. Eyni faktor təkcə Mərkəzi Asiya ölkələri tərəfindən deyil, Azərbaycan və Türkiyə tərəfindən də nəzərə alınır. Bu aspektdən də bu tezisi tamamilə yanlış hesab edirəm”.

E. Mirzəbəyli qeyd edib ki, Türk Şurası Avropa Birliyi kimi güclü təşkilata çevrilə bilər:

“Türk dövlətlərinin çox ciddi potensialı var. Bu ölkələr enerji resursları ilə zəngindir, alt yapı möhkəmdir. Ölkələr arasında əlaqələr kifayət qədər geniş şəkildə qurulmaq üzrədir. İqtisadi ticari əlaqələri genişləndirmək lazımdır. Nəqliyyat dəhlizləri bu ölkələri bir-birinə birləşdirir. Perspektivə olan digər layihələrin həyata keçməsi ilə fundamental baza daha da möhkəmlənəcək. Bu, bir günün içərisində olmayacaq. Dövlətlərin taleyinə insan ömrü çərçivəsində yanaşmaq lazım deyil. Dövlətlərin taleyinə və gələcəyinə daha qlobal perspektivdə yanaşmalıyıq. Türk Şurasını dünyada qlobal gücə çevirmək lazımdır və zəruridir. Bunu da türk dövlətlərinin liderləri çox yaxşı başa düşürlər. Onların verdiyi mesajlarda da bu açıq şəkildə görünür. Hazırda birvektorlu dünyanın darmadağın olması istiqamətində proseslər gedir. Bu prosesin içərisində yaranan boşluqdan istifadə etmək və o boşluğu doldurmaq lazımdır”.

Firuzə Vahid / REDAKTOR.AZ