Türkiyə ordusu UĞURLA İRƏLİLƏYİR - 90 gündə bəlli olacaq

 19:15 15.10.2019     469

Əsas məsələ əməliyyatların qısa müddətdə müsbət nəticələnməsidir.

Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlara görə, sanksiya tətbiq edilməsi ehtimalının nə dərəcədə real olmasına aydınlıq gətirib.

T. İsmayıl hesab edir ki, hətta həm Respublikaçılar, həm də demokratlar arasında Türkiyəyə qarşı embarqo tətbiq edilməsini təklif edənlər var:

“Lakin bu cür əməliyyatlar liderlər arasında ən yüksək səviyyədə müzakirə edildikdən sonra həyata keçirilir. Yəni, ABŞ Prezidenti Donald Tramp bu əməliyyatlarla bağlı kifayət qədər məlumatlandırılıb. Buna görə də onlar öz əsgərlərini bölgədən geri çəkiblər. Dolayısı ilə senat sanskiya ilə bağlı qərarlar qəbul etsə də, Tramp bu qərarlara veto qoyma haqqına sahibdir. Digər tərəfdən Rusiyanın mövqeyi də burada olduqca əhəmiyyətlidir. Açıq dəstəkləməsə də, Rusiya proseslər fonunda həm susur, həm də Türkiyəni dəstəkləyir. Çünki buradakı qrupların ABŞ-ın əlaltısı olduğunu bilir və onların cəzalandırılmasını istəyir. Dolayısı ilə Rusiya da BMT TŞ-ya gələcək bütün məsələlərə qarşı veto hüququndan istifadə edəcək”.

T. İsmayıl vurğulayıb ki, AB ölkələri də ilk açıqlamalarında Türkiyənin haqlı olduğunu ifadə edib:

“Lakin sonrada onlar öz mövqelərində dəyişiklik etdilər. Bu cür əməliyyatlar dünya ictimaiyyətinin mövqeyi nəzərə alaraq gerçəkləşdirilir. Türkiyə Suriyanın şimalında antiterror əməliyyatları həyata keçirir. Bunun beynəlxalq hüquqda da yeri var. Türkiyə keçirdiyi əməliyyatlarda haqlıdır. Türkiyənin Suriyada hərbi əməliyyat aparmağına, bu iki ölkə arasında 1998-ci ildə imzalananan "Adana razılaşması” adlı sənəd əsas verir. Bu sənədə görə Suriya hökumətinin gücü çatmadığı halda Türkiyə Suriya ərazisində antiterror əməliyyatları apara bilər. Türkiyə də bu gün bu sənədə əsaslanaraq hərəkət edir. Bu əməliyyatlar ətrafında hay-küy çox olacaq. Digər tərəfdən rəsmi Ankaraya qarşı qərəzli olaraq, embarqolar və sanksiyalar tətbiq edilə bilər. Türkiyə iqtisadi cəhətdən buna hazır olmasa da, cəmiyyət buna hazırdır və öz dövlətinin arxasındadır”.

T. İsmayıl xatırladıb ki, Kipr məsələsində də dünya Türkiyəyə qarşı idi:

“Ancaq Türkiyə bu problemlərin öhdəsindən gəlməyi bacardı. Yenə də bacaracaq. Çünki Türkiyədə bəzi şeylər maddiyyatla deyil, mənəviyyatla ölçülür. Antiterror əməliyyatlarına da sadəcə iqtidar deyil, müxalifət nümayəndələri də açıq və tam dəstək verir”.

Analitik Vüqar zifəroğlu da məsələ ilə bağlı saytımıza danışıb.

V. Zifəroğlu hesab edir ki, embarqolar 90 gün sonra tətbiq edilə bilər:

“ABŞ tərəfindən ilk çıxarılan qərara əsasən Türkiyə 90 gün ərzində bu əməliyyatları dayandırmasa, ondan sonra embarqo məsələləri gündəmə gələcək və müzakirə olunacaq. Əslində bu müddət son dərəcə əhəmiyyətlidir. Digər tərəfdən ABŞ-ın siyasi elitasında Türkiyənin əməliyyatları ilə bağlı fikirlərdə ziddiyyətli məqamlar kifayət qədərdir. Ona görə də bu 90 gün təkcə Türkiyə üçün deyil, həmçinin ABŞ-ın özü üçün lazımdır. ABŞ “Barış pınarı” əməliyyatının nəticələrini hesablamağa çalışır və bu nəticələr onun Yaxın Şərqdə, o cümlədən Suriyadakı geosiyasi hədəfləri və maraqları ilə nə dərəcədə ziddiyyət təşkil edəcəyini görmək istəyir. Hər şey 90 günlük əməliyyatların nəticəsindən asılı olacaq”.

V. Zifəroğlu qeyd edib ki, əməliyyatlar sürətlə və uğurla gedir:

“Türkiyə artıq bir neçə strateji əhəmiyyətə malik magistralı, yaşayış yerlərini, kəndi də ələ keçirib. Prinsip etibarı ilə 90 gün Türkiyəyə əməliyyatları uğurla başa çatdırmaq üçün kifayət edəcək. Bu mənada demək olar ki, əslində Türkiyəyə qarşı kəskin embarqoların şahidi olmaya bilərik. 90 gündən sonra ABŞ müəyyən tələbləri, şərtlər irəli sürə bilər. Türkiyə bu şərtlərlə maraqlarını uzlaşdıra bilsə, embarqolar tətbiq edilməyə də bilər. Hər şey 90 gün ərzində Türkiyənin atdığı addımlardan asılı olacaq”.

Analitik vurğulayıb ki, Türkiyə cəmiyyətində “Barış pınarı” əməliyyatı ilə bağlı böyük bir həmrəylik var:

“Bütövlükdə Türkiyə cəmiyyəti bu əməliyyatı dəstəkləyir. Başda Azərbaycan olmaqla, türk cumhuriyyətləri də bu əməliyyata öz dəstəklərini ifadə ediblər. Bu mənada Türkiyə öz davasında haqlıdır. Türkiyə öz təhlükəsizliyini təmin edən və öz maraqlarından çıxış edən  əməliyyat həyata keçirir. Bunu bütün dünya görür. Trampın timsalında ABŞ da etiraf edir ki, Türkiyənin başqa bir yolu qalmayıb. BMT TŞ-nın iclasında ABŞ və Rusiyanın Türkiyəyə qarşı qəbul ediləcək qərara görə veto hüququndan istifadə etməsinin özü də son dərəcə ciddi məqamdır”.

V. Zifəroğlu bildirib ki, iqtisadi nöqteyi-nəzərdən isə Türkiyə müəyyən problemlərlər üzləşə bilər:

“2 il bundan öncə rahib olayından sonra Türkiyə iqtisadiyyatl kifayət qədər laxladı. ABŞ buna müvəffəq oldu. Növbəti dalğanın gəlməsi Türkiyə iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Amma ümid edək ki, Türkiyəyə haqq davasına görə sanksiyalar tətbiq edilməyəcək”.

Firuzə Vahid / REDAKTOR.AZ