Super güclər Türkiyəyə buna görə MANE OLMAĞA ÇALIŞIR: Reallıq ortaya çıxana qədər...

 11:47 16.10.2019     1107

Türkiyənin “Sülh çeşməsi” əməliyyatından sonra həm Qərb, həm də Şərq Suriyada beynəlxalq münasibətlərin reallıqlarına geri dönəcək.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı ətrafında digər xarici dövlət və yerli güclərin reaksiyalarının səbəblərinə aydınlıq gətirib.

N. Cəfərsoy hesab edir ki, bu reaksiyalar iki şeyi aydın göstərir:

“Birincisi, bütün aktyorlar Türkiyənin buradakı varlığından müxtəlif motivlərlə çox narahatdır. Hərbi əməliyyat onlar tərəfindən bişmiş Suriya aşına su qatmaq olaraq görülməkdədir. Türkiyənin Suriya proseslərində başından etibarən çox ciddi səhvlər etdiyi aydındır. Ancaq unutmayaq ki, Suriyanın mövcud vəziyyətində başda ABŞ və Rusiya olmaqla beynəlxalq sistemin və regionun bütün dövlətlərinin gücünə görə öz mənfi rolları var. Onlardan fərqli olaraq Suriya probleminin bütün əsas siyasi, iqtisadi, hərbi və mədəni cəriməsi Türkiyənin boynunda qalıb. İndi 7 min kilometr uzaqdakı ABŞ, 3 min kilometr uzaqdakı Rusiya, 2 min kilometr uzaqdakı Fransa Suriyadəki oyunda siyasi və hərbi gücüylə iştirak edirsə, Suriya ilə ən uzun sərhəddi olan və problemin bütün ağırlığını öz üzərində hiss edən və PYD səbəbiylə də birbaşa “Bekaa” problemi yaşayan Turkiyənin passiv qalmasını istəmək beynəlxalq münasibətlərin reallıqlarına və ağla ziddir. Yeni bir Suriya tarazlığı qurulacaqsa, burada Türkiyənin rolunu digər aktyorlar istədiyi kimi müəyyənləşdirə bilməz. Hələ hər fürsətdə hərbi gücünü ortaya qoyaraq, maraqlarını qoruyan və terrorla mübarizəni əlində bayraq edən dövlətlərin Türkiyəyə etirazlarını müharibə əleyhdarlığı və terroristlə dialoq çağırışı kimi tezislərilə müdafiə etmələri gülüncdür”.

N. Cəfərsoy vurğulayıb ki, son günlərdə “Sülh çeşməsi”nə qarşı etiraz səslərinin yüksəlməsi təsadüfi deyil:

“Türkiyənin əməliyatı o qədər uğurlu gedir ki, bütün digər aktyorlar bundan çox narahat olublar. Bu səs-küylü əməliyyat bitib, yeni reallıq ortaya çıxana qədər davam edəcək. Amma sonra həm Qərb, həm də Şərq Suriyada beynəlxalq münasibətlərin reallıqlarını qəbul edəcəklər. Fillər boğuşurkən ortada qalan PYD-yə olacaq”.

Firuzə Vahid / REDAKTOR.AZ