Qarabağla bağlı yaradılan komissiya erməni cinayətlərini ÖRT-BASDIR EDİR - Təcili olaraq...

 17:13 16.10.2019     551

BMT Təhlükəsizlik Şurasının tələblərinə uymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir. Digər tərəfdən işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. Bu faktlar dəfələrlə ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyası tərəfindən təsdiq edilib. Lakin buna baxmayaraq, prosesin qarşısını almaq üçün heç bir addım atılmayıb. 

Azərbaycanın işğal altındakı ərazilərində süni məskunlaşdırma məsələlərini araşdıran ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyası  baş verənlərlə bağlı nəyinki addım atmayıb, heç etiraz çıxışı belə etməyib. Komissiya tərəfindən son vaxtlar konkret görülən işlərin nədən ibarət olduğu da bəlli deyil və sual altındadır. 

Ümumiyyətlə, faktaraşdırıcı missiya nə işlə məşğuldur, niyə baş verənlərə reaksiya vermirlər?

Məsələ ilə bağlı millət vəkili Asim Mollazadə Redaktor.az-a danışıb.

Millət vəkili hesab edir ki, faktaraşdırıcı missiya yalnız mövcud faktlara göz yummaqla məşğuldur:

“Faktaraşdırıcı missiya tərəfindən bu cür faktlara göz yumulması ermənilərin törətdiyi cinayətləri ört-basdır etmək istəyindən irəli gəlir. Çox güman ki, bu missiya hansısa tapşırıqlar alıb ki, ermənilər nə edir-etsin siz göz yumun. Onun üçün Azərbaycan bu məsələləri çox ciddi şəkildə araşdırmalıdır. Bütün beynəlxalq təşkilatlara bu kimi faktları təqdim etmək lazımdır”.

Millət vəkili İranın Şuşadakı Yuxarı Gövhər Ağa məcsidini fars abidəsi kimi təmir etməsinə də sərt reaksiya verib:

“Burada İranın ermənilərlə, işğalçılarla analitik mərkəz açması ilə bağlı xəbərlər yayılır. Bu öz-özlüyündə İran tərəfindən Azərbaycana qarşı çox ciddi təhqir, beynəlxalq hüquq normalarını kobud şəkildə pozulması deməkdir. Azərbaycan işğal altında olan ərazilərə gedən xarici vətəndaşları qara siyahıya alır. Mütləq şəkildə İrana da müraciət edərək, işğal altında olan torpaqlara gedən İran vətəndaşlarının siyahısını almalıyıq. Bizim məscidimizdə analitik mərkəz açıb, fəaliyyət göstərmək istəyənlərin adları dəqiqləşdirilməlidir. Həm İran, həm də faktaraşdırıcı missiya tərəfindən erməni cinayətləri ört-basdır edilməsi faktını Azərbaycan bütün beynəlxalq təşkilatlara təqdim etməli, ciddi mübarizə aparmalıdır. Bütün ölkələrin Xarici işlər nazirliyinə bu kimi hallarla bağlı etiraz notası verilməlidir”.

A.Mollazadə vurğulayıb ki, Azərbaycan tərəfi hər bir fakta cavab verməlidir:

“Azərbaycanın Moskvadakı səfiri Zatulinin Qarabağa getməsi, oradakı fəaliyyəti ilə bağlı etiraz notası verib. Bununla bağlı artıq müəyyən işlər görülüb. Beynəlxalq hüquq normalarının kobud formada pozulması ilə bağlı Azərbaycan ən azı öz etiraz səsini ucaltmalıdır. Faktaraşdırıcı missiyanın fəaliyyətini araşdırmaq üçün rəsmi Bakı müvafiq strukturlarda məsələ qaldırmalıdır. Onların tam aşkar faktların ört-basdır edilməsi ilə məşğul olmalarının səbəbi aydınlaşdırılmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ