"ABŞ-ı Türkiyə ilə qarşıdurmaya sürükləyirlər" - Politoloq Əhəd Məmmədli

 22:31 16.10.2019     550

Müharibədə qalib gəlmək üçün təkcə savaş meydanında deyil, həm də diplomatik masadada uğur qazanmaq vacibdir.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında  ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeonun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər etməsinə münasibət bildirib.

Politoloq hesab edir ki, Türkiyə, ABŞ, Rusiya tərəfindən Suriyanın taleyi həll edilir:

“Türkiyə mediasında yayılan sənəddə YPG terrorçuları Əsəd rejimi tərəfində döyüşəcəyini rəsmi şəkildə bəyan edir. Razılaşma mətninin 12.10.2019 tarixində imzalandığı bildirilir. Mətndə YPG-nin indiyə qədər tutduğu ərazilərdə Əsəd rejimi qüvvələrinin hakimiyyətini qəbul etdiyi bildirilir. Sənəddə YPG-nin Suriya hökumətinə tabeçiliyi, Suriya bayrağını qəbul etməsi təsdiqlənir. Həmçinin, YPG-nin Türkiyəyə qarşı Suriya ordusu sayılan Əsəd rejimi tərəfində yer alacağı da qeyd olunur. Prosesin bu cür gedişatı gözlənilən idi. Çox güman ki, hərbi əməliyyatdan öncə Ankara bütün bunları nəzərə alıb. Dünən rusların dəstəyi ilə ələvi rejiminin mənsubları Menbiç istiqamətində irəliləməyə başladı. Mənbiç bir milyon yarım nüfuza malik olan strateji yerdir. ABŞ qırıcıları Menbiç tərəfə irəliləyən əsədçilərin hərbi kolonuna zərbə endirdi. Dünən gecə radələrində Ərdoğanla Putinin telefon danışığından sonra əsədçilər Menbiçdən dönərək mövqelərinə qayıtdılar. Paralel olaraq, qardaş ölkə Türkiyənin iki nazirliyi və üç nazirinə (Müdafiə, Energetika, Daxili İşlər) ABŞ tərəfindən sanksiya tətbiq edilməsi onu göstərir ki, bu, Trampın istəyi deyil. Prezidenti olduğu dövlətin elitalarının istəyi ilə Türkiyəyə qarşı addımlar atılır”.

Politoloq qeyd edib ki, yəhudi lobbisi Türkiyənin Yaxın Şərqdə güclənməsindən çox qorxur:

“Ona görə də ABŞ-ı Türkiyə ilə qarşıdurmaya sürükləyirlər. Türkiyə-ABŞ arasında 100 milyard dollarlıq ticarət anlaşmasının durdurulacağı və polad ixracına 50 faiz gömrük rüsumunu tətbiq edəcəyini dilə gətirilsə də, bu hələ qərarların tətbiq edilməsi anlamına gəlmir. Tramp və ya ABŞ-ı əsl idarə edənlər Türkiyə ilə bütün bağların qopmasına getməyəcəklər. ABŞ-da güclü təsir imkanları olan yəhudi lobbisi bu cür riskə getməz. Getsələr belə ABŞ-ın əsl sahibləri anqlo-sakslar buna imkan verməzlər. Yəni Türkiyə-ABŞ  strateji tərəfdaşlığı bitməyəcək. Çünki bu nə Türkiyə, nə ABŞ-a lazımdır. Bu iki derjavanın həm dünya, həm regionda hələ də bir-birinə ehtiyacı var. Sadəcə  Türkiyə-ABŞ münasibətləri çətin dönəmi keçir. Fikrimcə, Türkiyə-ABŞ münasibətlərinin hansı formada davam edəcəyi “Sülh çeşməsi” antiterror əməliyyatının necə və nə qədər müddətdə gedəcəyindən asılı olacaq. Bu gün ABŞ-ın ikinci və üçüncü şəxsləri Penslə, Pompeo Türkiyəyə gəlir. Vacib qərarlar qəbul edilə bilər”.

Ə. Məmmədli bildirib ki, Ankara hərbi əməliyyatla paralel Vaşinqton, Moskva, London və Parislə sıx diplomatik danışıqlar aparır:

“Hələlik Ankara Vaşinqton və Moskva arasında ziddiyyətlərdən mahircəsinə istifadə edə bilir. Bunun bariz nümunəsi kimi BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən ikisi ABŞ və Rusiya Fransa, Almaniya, Britaniya, Belçika və Polşanın Türkiyəyə qarşı yönəlik qərar çıxmasına veto qoymasını göstərə bilərik. Bu türk xarici siyasətinin böyük uğuru idi. ABŞ və Rusiya dünyanın ən böyük beynəlxalq strukturunda Türkiyəni dəstəklədilər. Ərdoğan mərhum xəlifə Əbdülhamid xan kimi xristian ölkələrinin bir-birləri ilə ziddiyyətləri üstündə gözəl manevrlər etdi. Bunun nəticəsi kimi də Türkiyəni itirmək qorxusundan ABŞ-la Rusiya bir-birindən geri qalmamaq üçün eyni anda Türkiyəyə dəstək verməyə məcbur qaldılar. “Türkiyə niyə Rusiya ilə yaxınlıq edir" sualına ən gözəl cavab BMT-dəki qardaş ölkənin xeyrinə olan veto oldu”.

Politoloq vurğulayıb ki, Ərdoğan qrossmeyster gedişi etdi və uddu:

“Bu xarici siyasətin klassika janrı idi. Bu haqda Qərb mediası da yazdı. Beynəlxalq siyasət nədir bilməyənlər və öyrənmək istəyənlər keçmişdə Əbdülhamid xanın, müasir dövrümüzdə isə Ərdoğanın xarici siyasətdə usta gedişlərini diqqətlə izləsinlər. ABŞ YPG-ni Türkiyənin caynağına verməkdənsə, Rusiyanın qucağına itələməsini daha üstün tutdu. Bütün bunların nə qədər gerçək olub-olmadığI Pensin və Pompeonun Türkiyə səfərinin nəticələrindən asılı olacaq. İstənilən halda görünən odur ki, qardaş Türkiyə “Sülh çeşməsi” əməliyyatını sona qədər keçirəcək ən doğrusu da budur. Ankara bütün dünyanı fakt qarşısında qoyub. Türkiyə siyasi iradəsi, prinsipial mövqeyini sona qədər ortaya qoyacağı təqdirdə Qərb, Şimal, Cənub da “Sülh çeşməsi” əməliyyatı ilə razılaşmağa məcbur olacaqlar”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı proseslərin müzakirəsi üçün vitse-prezident Mayk Pens və Dövlət katibi Mayk Pompeonun rəhbərlik etdiyi nümayəndə heyətini Ankaraya göndərmək qərarı qəbul edib.

Firuzə Vahid / REDAKTOR.AZ