Paşinyan Azərbaycanla bağlı suala BELƏ CAVAB VERDİ: QOY MÜRACİƏT ETSİNLƏR, BAXARIQ
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan işğalçı dövlətlə nə hərbi, nə də iqtisadi blokda yer almaq Azərbaycanın maraqlarına cavab vermir.
Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibəsinə münasibət bildirib.
Politoloq hesab edir ki, Paşinyan Kremli bir daha sakitləşdirmək istəyir:
“Birincisi, Paşinyan deyib ki, Ermənistanda hakimiyyətin inqilab yolu ilə dəyişməsinin arxasında heç bir geosiyasi amil dayanmır. Yəni Paşinyan demək istəyib ki, bu inqailabın arxasında Qərb dayanmayıb və o da özündən əvvəlkilər kimi Rusiya ilə strateji müttəfiqliyə sadiqdir. Rusiya rəsmiləri Nikol Paşinyanın bir sıra addımlarından, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsdə saxlamasından narazı qalsalar da, Ermənistanın yeni hakimiyyətini hələ ki, cəzalandırmağı düşünmürlər. Məsələn, Paşinyan müsahibəsində misal çəkib ki, Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücumu zamanı o, Vladimir Putindən xahiş edib ki, Rusiya Suriyanın Qamışlı qəsəbəsində yaşayan 3 min ermənini qorusun. Paşinyanın sözlərinə görə, Putin ona verdiyi vədi yerinə yetirib və erməniləri qoruyub”.
E. Şahinoğlu bildirib ki, Paşinyan müsahibəsində erməni elitasının XVIII əsrdə Rusiyanı Cənubi Qafqaza dəvət etməkdə məqsədlərinə də aydınlıq gətirib:
“Paşinyan müsahibədə tarixə dalıb. O, Rusiyanı ermənilər qorunsun və Avropa sivilyasiyasına qovuşsunlar deyə Cənubi Qafqaza dəvət etdiklərini bildirib. Bəli, Rusiya ermənilərin istəyini artıqlamasıyla yerinə yetirib. Sadəcə, Paşinyanın “Avropa sivilizasiyası” barədə dediklərinə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımlar fonunda baxmaq lazımdır. Digər tərəfdən, müsahibənin bu hissəsini Ermənistanla sıx münasibətləri olan İranın və bəzi ərəb ölkələrinin rəsmiləri də oxusunlar. Çünki Paşinyan Avropa sivilizasiyasını Şərq sivilizasiyasından üstün sayır”.
Politoloq Paşinyanın Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağına əminliyini ifadə etməsinə də münasibət bildirib:
“Paşinyanın sözlərinə görə, 30 il ərzində Ermənistan və Özbəkistan rəsmiləri arasında bir görüş belə olmayıb. Səbəb sadədir. Özbəkistanın məhrum dövlət başçısı İslam Kərimov Azərbaycan torpaqlarının işğalını qəbul etmirdi. Paşinyan müsahibəsində bu sadə səbəbi xatırlamağı “unudur”. Paşinyanın sözlərinə görə, Özbəkistanın yeni prezidenti ilə MDB dövlət başçılarının Aşqabad sammiti çərçivəsində görüşüb. Bu görüşdə qarşılıqlı səfərlər razılaşdırılıb. Maraqlıdır ki, Türk Şurasının Bakıdakı toplantısında Özbəkistan prezidenti Şövkət Mirziyoyev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Paşinyanın rusiyalı jurnalistin “bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq istəyərsə, reaksiyanız necə olacaq” sualına isə qısa cavab verib: “Qoy əvvəlcə istəklərini bildirsinlər, sonra baxarıq”. Bu cavab isə bir çox mətləblərdən xəbər verir”.
Firuzə Vahid / REDAKTOR.AZ