"Ermənilərə yəhudi lobbiləri kömək ediblər" - MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK

 16:14 30.10.2019     698

Həm Azərbaycan, həm də Türkiyə üçün gələn il də ABŞ prezidentinin Respublikaçılar partiyasından olması vacibdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında ABŞ Nümayəndələr Palatasında Demokratlar partiyasının səyi nəticəsində erməni “soyqırımı”nın tanınmasına münasibət bildirib.

Politoloq hesab edir ki, erməni diasporuna bu işdə iki yəhudi lobbisi də yaxından kömək etdi:

“ABŞ-da parlamentin güclü siyasi institut olması ABŞ-Türkiyə münasibətlərinə müstəsna təsir edir. Tramp bir müddət əvvəl amerikalı əsgərləri Suriyanın şimalından çıxardaraq, türklərə antiterror əməliyyatları üçün kömək etmişdisə, qanunverici orqan Suriyaya görə Türkiyəyə sanksiya tətbiq etməkdə davam edir. Nümayəndələr Palatasındakı Demokratlar Partiyası artıq ilin əvvəlindən erməni soyqırımının tanınması ilə bağlı canfəşanlıq edirdi. Ötən gün ABŞ-ın Aşağı Palatası soyqırımı tanıdı. Təbii ki, bu, birmənalı olaraq, siyasi məqsəd güdür. Çünki tarixi aspektdən hər kəsə çox yaxşı bəllidir ki, 1905-ci il hadisələrinin soyqırım kimi izahı yoxdur. Amerika erməni Assambleyası, Ermənistanın ABŞ-dakı iki lobbi təşkilatı və yəhudi lobbi təşkilatlarının fəaliyyəti öz bəhrəsini verdi”.

Politoloq vurğulayıb ki, baş verənlər birmənalı olaraq, ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək:

“ABŞ-Türkiyə münasibətləri haqqında biz danışanda, bir neçə aspektə diqqət etməliyik. Ərdoğanın DAVOS-dakı “one minute” çıxışından sonra  ABŞ-Türkiyə münasibətlərinin getdikcə pisləşməsinin şahidi olmaqdayıq. Əslində Türkiyə-İsrail və Türkiyə-Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin gərginləşməsi avtomatik olaraq, ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinə gətirib çıxartdı. ABŞ-da və dünyanın bir çox beynəlxalq təşkilatlarında çox güclü yəhudi lobbisi var. Türkiyənin İslam dünyasında lider olmasının qarşısını almaq üçün İsraili onlara qarşı çıxardılar”.

Z. Məmmədov qeyd edib ki, Demokratlar Partiyası çox güclü şəkildə erməni lobbisinin dəstəyindən istifadə edirlər:

“Görünür, gələn il də Demokratlar Partiyası erməni lobbisinin dəstəyini qazanmaq üçün belə bir addım atdı. Bu addımın əsas məqsədlərindən biri Suriyanın şimalı ilə bağlıdır. Bu bəhanə gətirilərək, Türkiyəyə qarşı sanksiyaların davam etdirildiyini görürük. Bütün hallarda itirən ABŞ olacaq. Çünki Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahib dövlət kimi Rusiya və Çinlə yaxınlaşacaq. Bu da Yaxın Şərqdə ABŞ-ın maraqlarına kifayət qədər ziyan vuracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli maraqlarına xidmət edən siyasət aparır. Təbii ki, Türkiyənin müstəqil siyasət aparması beynəlxalq qütblərin maraqlarına cavab vermir. Onlar Türkiyəni özlərindən ancaq və ancaq asılı vəzityyətdə görmək istəyirlər. Necə ki, XX əsrdə- soyuq müharibə dövründə Türkiyədən sosializm blokuna qarşı istifadə edirdilər. Amma bu dəfə bu alınmayacaq. Uduzan tərəf ABŞ olacaq. Nümayəndələr Palatası Suriyanın şimalını bəhanə edərək, belə bir qərar qəbul edir. Amma okeanın o tayında, kilometrlərə uzaqda olan ABŞ öz milli təhlükəsizlik maraqlarına ziyan dəyməsə də, Əfqanıstanda, Suriyada, İraqda guya ki, terrorçu qruplara qarşı mübarizə aparır. Əslində isə bu yerlərdə anarxiyanın əsasını qoyur”.

Firuzə Vahid / REDAKTOR.AZ