Belə getsə, MDB parçalanacaq - "Çünki Rusiya işğal siyasətinə dəstək verir"
Azərbaycanın MDB çərçivəsində Ermənistan üzərində siyasi-hərbi üstünlük əldə etməsi mütləqdir və buna nail olur.
Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə MDB ölkələrinin müdafiə nazirlərinin Bakıda keçirilən toplantısında müzakirə olunacaq məsələlərə aydınlıq gətirib.
Politoloq hesab edirki, bu toplantının Bakıda keçirilməsi Azərbaycanla üzv ölkələrin müdafiə nazirləri arasında daha sıx əməkdaşlıq və silah ticarəti üzrə yeni müqavilələrin bağlanması ilə nəticələnəcək:
“Üzv ölkələr arasında hərbi, təhlükəsizlik və terrorizmə qarşı mübarizə kimi məsələlər müzakirə olunacaq. Toplantının Bakıda keçirilməsi ilə Ermənistana qarşı bu ölkələrin Azərbaycana dəstək verməsini dayanıqlı etmək mümkün olacaq. Artıq Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus, Qazaxıstan və Qırğızstan müdafiə nazirlikləri arasında bu kimi əməkdaşlıq barədə razılığa gəlinib. Həmçinin Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq öz axarı ilə davam edir. Belarusla da bu əməkdaşlıq yüksək səviyyədədir”.
Politoloq qeyd edib ki, Rusiya MDB çərçivəsində KTMT-ni daha da operativ təşkilata çevirməyə çalışır:
“Müdafiə nazirlərinin görüşündə bunu yenidən masaya Kreml gətirəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT) adi MDB çərçivəsində güclü bir təşkilat deyil. Çünki Rusiya MDB dövlətlərinə qarşı işğal siyasətinə dəstək verir, separtizmi alovlandırır və bir üzv dövlətin digər üzv dövlətin ərazilərinin işğalda qalmasına dəstək verir. Qarabağ münaqişəsinin həllinə Rusiya nə qədər mane olacaqsa, MDB və KTMT güclü təşkilata çevrilməyəcək. Ona görə də MDB-nin parçalanması labüddür və KTMT -nin beynəlxaq bir təşkilata çevrilməsi mümkün görünmür”.
Firuzə Vahid / REDAKTOR.AZ