Bu tarixdə Qarabağda MÜHARİBƏ BAŞLAYA BİLƏR - N.Bayramov: "Müharibə uzun çəkməyəcək"

 13:30 08.11.2019     5584

Düşmənin onurğa sütünü sındırılacaq.

Hərbi icmalçı Nazim Bayramov Redaktor.az-a açıqlamasında Azərbaycanın gələn il üçün müdafiə xərclərini 21% artırmasının səbəblərinə aydınlıq gətirib.

N. Bayramov hesab edir ki, Ermənistan rəhbərliyinin sülh danışıqlarının ruhuna və beynəlxalq hüquqa zidd siyasəti Azərbaycana ərazi bütövlüyünün bərpası üçün hərbi yoldan başqa seçim qoymur:

“Odur ki, hərbi büdcəmizin ildən-ilə artması təbiidir. Müasir silahların alınması ilə bərabər Azərbaycan hərbi sənayəsini inkişaf etdirir. Eyni zamanda hərbi qulluqçuların mənzillə təmin edilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına yönəlik xərclər artırılır. Azərbaycanın hərbi xərclərinin  gələn il 400 mln. dollar artacağı planlaşdırılıbsa, Ermənistanın hərbi xərcləri cəmi 1.5 mln. dollar artacaq.  Ermənistan anlayır ki, Azərbaycanla “silah yarışmasına” qadir deyil”.

N. Bayramov vurğulayıb ki, “erməni inqilabı” müharibəni 1-2 il yubatdı:

“Lakin tərəfləri münaqişənin həllinə yaxınlaşdırmadı. Amma erməni inqilabı baş verəndə biz hücum etsəydik, dünyada təklənərdik. Danışıqların faktiki dayanmasını nəzərə alsaq, məntiqlə “toplar danışmalıdır”. Bu baxımdan, hərbi əməliyyatlar hər an başlaya bilər. 2020-ci ildə Qarabağ danışıqlarındakı böhran yalnız davam edəcək və kəskinləşəcək. Hazırda Azərbaycanın hərəkətə keçməməsi Qarabağdakı seçkilərə bağlı deyil. Azərbaycan hazırda  zərbə endirmək üçün yalnız “geopolitik pəncərə” gözləyir”.

N. Bayramov bildirib ki, 2016-cı ilin aprelində belə pəncərə yarandı və dərhal istifadə olundu:

“Ancaq indiki şəraitdə bizə genişmiqyaslı müharibə etməyə imkan verməyəcəklər. Ona görə bütün planlar qısa, yaxın hədəflərə hesablanmış və düşmənə ağır hərbi-siyasi nəticələr verəcək olmalıdır. Mənim 2018-ci ilin may ayında verdiyim proqnoz var. Düşünürəm ki, hərbi əməliyatlar 2020-ci ilin payızına kimi başlayacaq və ildırımsürətli keçəcək. Düşmənin onurğa sütünü sındırılacaq. Ondan sonra danışıqlar bizə daha əlverişli hərbi şəraitdə davam etdiriləcək. Hələ ki, o zaman dediyim qrafiklə müharibəyə yaxınlaşırıq”.

Firuzə Vahid / REDAKTOR.AZ