Ordumuz təlimlərə başladı - Azərbaycan hərbi əməliyyatlara başlasa...

 13:22 12.11.2019     507

Ordumuzun təlimləri fonunda Qarabağ danışıqlarının siyasi həlli çıxılmaz vəziyyətdədir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, bu təlimlər regionda baş verən geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı, Ermənistana mesaj xarakterlidir:

“Bu təlimlər Azərbaycanın hərbi gücünü bir daha nümayiş etdirməklə, Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir. Təbii ki, təlimlərin keçirilməsi sıradan bir tədbir deyil, real müharibə, ərazilərin qaytarılması, düşmənə zərbələrin endirilməsi şərti adında keçirilir. Bir neçə ildir Azərbaycanın silah arsenalı yenilənir, müasir raket- artilleriya və aviasiya silahları ilə təchiz edilir. Demək olar ki, Ermənistanla paritet şəkildə üstünlük Azərbaycan tərəfindədir. Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq. Yeni dəyişikliklər və geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycanın lehinə dəyişir”.

Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı növbəti görüş Bratislavada keçiriləcək:

“XİN rəhbəri Elmar Məmmədyarov masada hazır sənədlərin olduğunu və Ermənistanın həqiqətən substantiv danışıqlara keçib-keçməyəcəyini bu danışıqlarda görəcəklərini vurğuladı. Demək, Ermənistan bu günə qədər real danışıqlar aparmayıb, bundan sonra bəlli olacağı hələ ki məchuldur. Belə olan təqdirdə, diplomatiyanın bacarmadığını ordu bacarır. Azərbaycan ordusu Araz boyu ərazilərə hücum edib, maksimum şəkildə əraziləri azad edə bilər. Artıq, buna geosiyasi şərtlər də cavab verir. Məhz bundan narahat olan Rusiya Xarici işlər naziri Sergey Lavrov Qarabğ xalqı ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır və Azərbaycana mesaj verir. Təbii ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu 7 rayonun ərazilərini əhatə edəcək, Qarabağdakı erməni icmasının kompakt yaşadığı ərazilərdə Azərbaycan özü onların təhlükəsizliyini təmin etməyə hazırdır. Rusiyanın bu faktordan istifadə etməsi təhlükəli amildir”.

Politoloq vurğulayıb ki, Rusiya münaqişənin həllində maraqlı deyil, rəsmi İrəvanın mövqeyindən çıxış edir:

“Moskva məhz Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır və Paşinyanın Qərbə inteqrasiyası,  Kremlin forpostundan çıxmaq cəhdləri fiaskoya uğradı. Bu da Qarabağ konfliktinin siyasi həllinə mənfi təsir edir. Ona görə də Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir”.

Xatırladaq ki, bu gündən Azərbaycan ordusu geniş  miqyasda əməliyyat təlimi başlayıb.

Firuzə Vahid / REDAKTOR.AZ