Lavrov Kremli pis vəziyyətdə qoyub - Ermənipərəst nazirin gizli məqsədləri...

 16:46 12.11.2019     454

Lavrovun son bəyanatı Rusiyadan daha çox, ermənilərin rəğbətini qazanmağa yönəlib.

Analitik Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” fikrinə münasibət bildirib.

Analitik hesab edir ki, Sergey Lavrovun bəyanatını Kremlin ümumi fikri kimi qələmə vermək yanlış olardı:

“ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesində münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan tanınır. Sergey Lavrov münaqişənin həllində “Dağlıq Qarabağ xalqının iştirakı”  təklifini dəstəkləməklə prosesin nizamlanmasına ciddi maneə törədir. Görünən budur ki, Lavrovun  İrəvana səfəri elə bu bəyanatı səsləndirməyə hesablanmışdı. Amma burada bir incə detal da mövcuddur. Bu, ümumi Rusiyanın mövqeyi deyil. Lavrovu Rusiyanın özündə də qəbul etməyən kifayət qədər qüvvələr mövcuddur. Hətta Rusiya mətbuatı özü də qeyd edir ki, Lavrov ermənipərəst qruplaşmanın mövqeyini ifadə edir. Lavrov-Zaxarova-Simonyan-Qabrielyan xətti Kremlin balans siyasətinə də mane olur. Bu baxımdan, Rusiya XİN rəhbərinin açıqlamasını Moskvanın mövqeyi kimi qəbul etmək düzgün olmazdı”.

Analitik vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin sıx əməkdaşlığa çevrildiyi bir zamanda Bakı-Moskva münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr də fəallaşır:

“Rusiyada Аzərbaycanla normal əməkdaşlıq etməkdə maraqlı olan məmurlar, deputatlar, ictimai xadimlər də az deyil. Məsələn, ən azı üzdə olan bu insanları sadalamaq olar: Rusiya Prezident Administrasiyasının regionlararası və mədəni əlaqələr departamentinin rəhbəri Aleksey Vlasov, deputat Savelyev, poitoloq və ekspertlər: Korotçenko və Şevçenko, Siyasi Araşdırmalar institutunun rəhbəri Sergey Markov və s. Amma bütün bu insanlar təbii ki, Lavrov çapında deyillər və odur ki, Kremin İrəvanı tam müdafiə etdiyi təsəvvürü yaranır. Maraqlıdır ki, Rusiya XİN-i ona yaxın olan, əsasən ermənipərəst mətbuat orqanları həmişə Azərbaycan-Rusiya arasında hansısa qlobal bir hadisə gözlənilərkən ya Lavrovun, ya da Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın dili ilə “bal çəlləyinə zəhər qaşığı sala” bilirlər. Bütün bunlar ilk növbədə RF prezidenti Putinə qarşı demarş kimi dəyərləndirilə bilər”.

A. Rəşidoğlu qeyd edib ki, eyni  ssenari 2016-cı ilin Aprel hadisələrində də təkrarlandı:

“Rusiya ictimaiyyəti  “zavallı ermənilər” barədə məlumatı Zaxarova-Simonyana yaxın mətbuatdan aldılar. Azərbaycan XİN o zaman Bakı və Moskva münasibətlərini korlamaq istəyən qrupu ifşa edən bəyanatla çıxış etdi. Ən maraqlısı odur ki, yaxın günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri nəzərdə tutulub. Səfər ərəfəsində Lavrovun belə bir mövqe nümayiş etdirilməsi təsadüfi sayıla bilməz. Lakin iki ölkə arasındakı münasibətləri bir bəyanatla korlamaq imkansızdır. Bu baxımdan, Lavrov-Zaxarova-Simonyan qruplaşması istəyinə çətin ki, nail ola bilsin”.

Analitik bildirib ki, burada bəzi digər detallara da diqqət yetirmək lazım gəlir:

“Lavrovun bəyanatından çıxan nəticə bundan ibarətdir ki, müəyyən qüvvələr danışıqların formatını  dəyişməyə çalışır. Ümumiyyətlə, Lavrov daima qalmaqallı bəyanatlar verir və bununla da  “yeni ideyalar” ilə baş qatır.  Bir sözlə, Lavrov Paşinyanın hərbi ritorikasını pərdələyərək, onu yenidən oynatmağa çalışır. Ən maraqlısı odur ki, belə bəyanatları ilə Lavrov Rusiyanın maraqlarını da nəzərə almır. Lavrov ən pis vəziyyətdə elə Kremlin özünü qoyur. Artıq Bakıda bəzi politoloqlar tərəfindən Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən “balans kursu”dan imtina barədə çağırışlar səslənir. Bu da anlaşılandır. Lavrovun Paşinyanın mövqeyinə yaxın bir mövqe sərgiləməsi qıcıq doğurmaya bilməzdi. Digər tərəfdən Lavrov  Paşinyanın əsas rəqibi olan Köçəryanı siyasi cəhətdən dəstəkləyir. Bu baxımdan, Lavrovun son bəyanatı  Rusiyadan daha çox, ermənilərin rəğbətini qazanmağa yönəlib”.

Firuzə Vahid / REDAKTOR.AZ