"Azərbaycandakı islahatlar Rusiyanı qıcıqlandırır" - Politoloq səbəbləri AÇIQLADI

 14:13 13.11.2019     695

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanda səsləndirdiyi “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması gündəmi zəbt edib.

Bəzi politoloq və ekspertlər iddia edir ki, bu açıqlamanı Rusiyanın mövqeyi kimi qələmə vermək olmaz. Amma unutmaq olmaz ki, Sergey Lavrov Azərbaycan və Ermənistan rəsmiləri arasında aparılan danışıqlarının əsas iştirakçılarından biridir. Üstəlik, Lavrov peşəkar diplomatdır və hansısa emosiyaların təsiri altında bu boyda yanlışlığın altına özbaşına girməz. Və ya məsələyə başqa aspektdən yanaşsaq, onda belə çıxır ki, sabah rusiyalı nazir tərəflərdən hansınasa alçaldıcı həll variantı təklifi verə, narazılıq yarandığı təqdirdə, bu, Kremlin fikri deyil deyə vəziyyətdən çıxa bilərlər..? Son yanaşma- Qarabağ danışıqlarında aparıcı simalardan sayılan Lavrovun açıqlaması qəti şəkildə deməyə əsas verir ki, Kremlin ədalətinə güvənmək tam yersizdir. Və ya Moskva göz yaşlarına inanmır...  

Lavrovun bu mövqeyi münaqişənin həllinə necə töhfə verə bilər?

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı Redaktor.az-a danışıb.

Politoloq hesab edir ki, birmənalı şəkildə hər bir ölkənin xarici işlər naziri ölkənin əsas prioritetlərini əks etdirən və səsləndirən şəxsdir:

“Reallıq budur. Burada heç kəsin şübhəsi olmasın ki, Lavrovla rəsmi Moskvanın fikirlərində mövqe ayrılığı var. Bu elə rəsmi Rusiyanın mövqeyidir. Münaqişənin həll olunmamasının əsas səbəblərindən biri də məhz aparıcı ölkələrin reallıqdan uzaq bəyanatları gündəmə gətirmələridir. Bu, bizi narahat etməyə bilməz. Azərbaycan tərəfi Lavrovun səsləndirdiyi bəyanatlara XİN xətti ilə cavab verib. Amma vətəndaş cəmiyyətinin nümayəndələri də bununla razılaşmamalıdır. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti bu cür məsələlərə aktiv reaksiya vermir. Xarici işlər nazirliyindən buna şifahi cavab verilsə də, nota verilmədi. Ancaq buna vətəndaş cəmiyyətindən də etirazlar ola bilərdi. Bu, müəyyən dairələrin öz işidir. Vaxtı ilə jurnalist Fuad Abbasov Rusiyadan ekstradisiya olunanda Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etirazlar olmuşdu. Amma rusiyalı nazirin açıqlamasına qarşı münasibət adekvat olmadı. Bunun səbəbi avrovun rəsmi şəxs olması ilə əlaqədardır. Onun bir sıra xoşagəlməz ifadələri bundan öncə də olub. Bu ifadələr bizi qıcıqlandırır. Amma görünür, bu qıcıq hələ elə bir nöqtəyə gəlib çatmayıb ki, cəmiyyətdə narazılıq əmələ gətirsin”.

F. Sadıqov vurğulayıb ki, Lavrov vəziyyətdən asılı olaraq müxtəlif çıxışları ilə gündəmə gəlib:

“Vaxtilə Bakıda olanda onun çox müsbət, beynəlxalq hüquqa uyğun çıxışları da olub. Valday forumunda da Lavrov, Paşinyan xoşagəlməz ifadələr işlədəndə onun bu fikirlərinə qarşı çıxmışdı və bu fikirlərin destruktiv xarakter daşıdığını qeyd etmişdi. Amma eyni zamanda o, İrəvanda Azərbaycanın maraqlarına zidd ifadələri təkrar edir. İkili yanaşmalar artıq bizi təəəccübləndirməməlidir. Böyük dövlətlərin ikili yanaşmasının nəticəsində münaqişə həll olunmur. İşğalçı ilə işğala məruz qalana ayrı qiymət verilmir, Ermənistana təzyiqlər edilmir. Bu da münaqişənin həllinə mane olan əsas səbəbdir”.

F. Sadıqov son zamanlar Rusiya tərəfdən, Lavrovun dili ilə Azərbaycanın maraqlarına zidd ifadələrin tez-tez gündəmə gəlməsinin səbəblərinə də aydınlıq gətirib:

“Lavrovun, eləcə də Rusiyanın mövqe dəyişdirməsi Azərbaycanın daxilində gedən dəyişikliklərlə də bağlı ola bilər. Bu, Azərbaycanın daxilində gedən islahatlara qarşı reaksiyadan, müəyyən qısqanclıqdan da qaynaqlanır. Bəzi kəskin ifadələr eyni zamanda onun etnik mənşəyi ilə də bağlı ola bilər. Reallıq odur ki, Lavrov rəsmi Moskvanın mövqeyini əks etdirib. Burada onun öz şəxsi marağı da olmaya bilməz. Lavrov İrəvanda həm də daxili auditoriyanın da xoşuna gəlməyi qarşısına məqsəd qoyub. Bu öz-özlüyündə bizi narahat etməyə bilməz. Rusiya həm bizim strateji partnyorumuz, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bir sıra məsələlərin həlli rusiyadan asılıdır. Bunu hamımız yaxşı başa düşürük. Biz onu da yaxşı başa düşürük ki, Ermənistanın arxasında kim dayanıb”.

Firuzə Vahid / REDAKTOR.AZ