Siyasət incə oyundur - NATO və Rusiya niyə Bakını seçir?

 10:27 27.11.2019     1169

Biz bəzən erməni və havadarları mövzusunda cinahları düzgün seçməmişik.

Redaktor.az bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Rusiyanın və NATO-nun ali hərbi komandanlığının növbəti Bakı görüşünə münasibət bildirib.

Politoloq hesab edir ki, Bakı ənənəvi olaraq NATO və Rusiya generalları arasındakı görüşlərin mərkəzinə çevirilib:

“Bu, Azərbaycan lideri İlham Əliyevin həm Qərbdə, həm də Rusiyada etibarlı tərəfdaş və lider kimi qəbul edilməsinin göstəricisidir. Ümumiyyətlə, Azərbaycan prezidentinin 2000-ci illərin ortalarında hətta ölkəmizə edilən təzyiqlər zamanı balanslı siyasətindən geri dönməməyi, apardığı oturuşmuş və gələcəyə hesablanmış xarici siyasəti- dövlətin milli təhlükəsizliyinin qorunmasına gətirib çıxartdı. Regionun ən ambisiyalı dövləti olan Rusiya və onun rəhbərliyi ilə qarşılıqlı maraqları nəzərə alan siyasətin yürüdülməsi isə, öz-özlüyündə olduqca çətin məsələ idi. Azərbaycan tarixinə nəzər salsaq, hələ heç vaxt iki xalq arasında münasibətlərin bu qədər yaxşı səviyyədə olmasını qeyd edə bilmərik. Təbii ki, iki ölkə arasındakı münasibətlərə ən böyük zərbəni Qarabağ münaqişəsi vurur və bu problemə baxış bucağının Moskvanın yaxın onilliklərdə dəyişməyəcəyi aydındır. Lakin, bu mövzunu çıxmaq şərtilə, Azərbaycan və Rusiya arasında hümanitar, siyasi, mədəni, iqtisadi, hərbi - texniki və sair sahələrdə artan xətt üzrə inkişafın şahidiyik”.

Politoloq Kremli Ermənistana dəstəkdə günahlandıranların olmasına da diqqət çəkib:

“Ancaq həqiqət ondan ibarətdir ki, Rusiyanın milli maraqları regionda nökər dövlət tələb edir. Bu nökər statusunu ermənilər çoxdan əldə ediblər. 1918-ci ildə erməni dövlətinin meydana gəlməsində və erməni soyqırımının qəbul edilməsində Vudro Vilson, Morgentau kimi şəxslərin fəaliyyəti, 1980-ci illərdə isə, ABŞ və Avropanın ayrı-ayrı siyasi institutlarında Qarabağdakı erməniləri dəstəkləyən bəyanatlar və qərarların verilməsi onu göstərir. Bu illər ərzində, biz, bəzən erməni və havadarları mövzusunda cinahları düzgün seçməmişik. Uzun sözün qısası odur ki, mahir diplomat olmaq, geosiyasi maraqları səninlə toqquşan dövlətlərlə belə, dil tapmağı tələb edir”.

Z. Məmmədov qeyd edib ki, bu gün prezident İlham Əliyev bütün vektorlarla bərabərhüquqlu siyasət yürütməkdə davam edir:

“Birincisi, Qərbin Azərbaycana silah satmadığı bir dövrdə, ən müasir texniki göstəricilərə cavab verən silahları bizə İsrail satır. İkincisi, İranın Aralıq dənizi və Yəmənə qədər şiə silahlı qruplaşmaları yaratdığı bir dövrdə Tehranın şimal istiqamətindəki ayrı-ayrı din pərdəsi altında gizlənən qruplara dəstəyinin minimum səviyyədə olmasıdır. Ölkələr arasında şimal - cənub nəqliyyat xəttinin inşası da bundan qaynaqlanır. Üçüncüsü, 1990-cı illərdə münaqişənin nizamlanması prosesində Azərbaycan əleyhinə layihələr təqdim edən, açıq - aşkar Ermənistanın lehinə bəyanatlar verən Rusiyanın, bu gün cənub istiqamətindəki geosiyasi orientirlərində dəyişikliklər etməsini müşahidə edirik. Lakin Sergey Lavrov hələ ki, bu prosesə mane olmaqdadır. Nəhayət, 1990-cı illərdə ermənipərəst qanunlar qəbul edən ABŞ-ın bu gün Bakını özünün regiondakı bir nömrəli tərəfdaşı hesab etməsi də Azərbaycanın uğurlu siyasətinin nəticəsidir. Unutmayaq kı, siyasət incə oyundur. Bunu isə ancaq mahirlər bacarar”.

Xatırladaq ki, Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Firuzə Vahid / REDAKTOR.AZ