Millət vəkillərimizin Ermənistana səfəri ilə bağlı Milli Məclisdən CAVAB GƏLDİ

 15:30 27.11.2019     5034

Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti jurnalistlərin ardınca deputatların da qarşılıqlı səfərinin gözlənildiyi ilə bağlı məlumat yayıb. Artıq belə səfərlərin təşkil olunması üçün ilkin müzakirələrin aparıldığı bildirilib.

Görəsən, jurnalistlərin səfərinin bizə hansı faydası oldu ki, indi də deputatların bu cür səfərlərini təşkil etməyə razılaşmışıq?

Məsələ ilə bağlı analitik Azər Rəşidoğlu Redaktor.az-a danışıb.

Analitik hesab edir ki, baş verənlər xalq diplomatiyası deyil:

“Jurnalistlərin qarşılıqlı səfərləri uğursuz oldu. Belə məramı və məqsədi məlum olmayan səfərlər heç bir effekt verə bilməz. Erməni jurnalistlər səfərdən sonra bizim lehimizə bir cümlə belə yazmadı və əksinə, bizi ələ saldılar. Deputatların səfəri nə verəcək? Biz işğalçı ilə hansı sülh variantını müzakirə edə bilərik ki?! Artıq, söz igid Azərbaycan əsgərinin olmalıdır”.

A.Rəşidoğlu belə səfərlərlə tərəflərin nəyə nail olmaq istədiyinə də aydınlıq gətirib:

“Nə olduğunu heç kəs anlamır. Bu səfərlər bizə rüsvayçılıqdan başqa heç nə vermir. Bu səfərlərin qarşılıqlı etimad mühitinin formalaşması üçün edildiyi deyilir. Hansı etimaddan söhbət gedir?! Torpağımızı işğal edənə etimad bəsləyək?  Açıq desinlər ki, bu səfərlərin əsas təşkilatçısı Rusiyadır. Bakı öz ərazi bütövlüyünü bərpa etməlidir və işğala son qoyulmayana qədər heç bir etimaddan söhbət gedə bilməz”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu saytımıza açıqlamasında bildirib ki, deputatların qarşılıqlı səfərləri ilə bağlı məlumatı yoxdur:

“Bu barədə mənim heç bir informasiyam yoxdur”.

Firuzə Vahid / REDAKTOR.AZ