"Rusiya Azərbaycandan ÇOX ŞEY İSTƏYİR" - Bakı buna getsə....

 14:16 29.11.2019     737

Rusiya Azərbaycan əlaqələri yeni müstəviyə keçir.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Rusiya-Azərbaycan münasibətlərində olan istiləşmənin səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, münasibətlər siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlığın yeni çalarlarını özündə ehtiva edir:

“Rusiyanın ölkəmizə gələn il yeni müxtəlif növ silahlar satacağı gözlənilir. Qərblə Rusiya arasında yeni təsir zonalarının yaradılması istiqamətində mübarizə gedir. Məhz Moskva Cənubi Qafqazda öz dominantlığını saxlamaq, regionda mövqeyini möhkəmləndirmək üçün Azərbaycanla əməkdaşlığı yeni mərhələyə qaldırmağa çalışır”.

M. Əsədullazadə vurğulayıb ki, Cənubi Qafqaz yeni dünya nizamının formalaşmasında əsas geosiyasi mərkəzlərdən biridir:

“Geopolitik qarşıdurmada Kreml Azərbaycanın önəmini artıq qəbul etməkdədir. Ölkəmizi Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqına üzv olması üçün müəyyən mesajlar verir, çalışır. Kremldə artıq anlayırlar ki, Azərbaycanla əlaqələrin yüksək səviyyədə olması regiona nəzarət deməkdir. Bu gün Ermənistanın mövqeyi isə, Rusiya üçün ciddi problemlər yaradır. Rəsmi İrəvan fürsət düşdükcə Moskvadan kənarlaşmağı planlayır. Ermənistanın xəyanətkar siyasətini Moskva görsə də, öz regional ambisiyalarına görə Qarabağ münaqişəsinin nizamlanmasını yubadır”.

Politoloq qeyd edib ki, rəsmi Bakının Kremllə əməkdaşlığı yüksək səviyyəyə qaldırması, yüksək səviyyədə səfərlər əlaqlərin yeni inkişaf dinamizminindən xəbər verir:

“Azərbaycanla Rusiya arasında ciddi problemlər yoxdur. İki qonşu dövlət olaraq əməkdaşlıq təbiidir. Amma, Moskva Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranmayıb, Ermənistan üzərindən Azərbaycanla vəkalət müharibəsi aparır. Qarabağın işğalda qalması, məhz bu siyasətin nəticəsidir. Dünyada yeni dəyişikliklər fonunda Kreml öz siyasətində dəyişikliklər edib, Azərbaycana dəstək verərsə, geosiyasi qalib Moskva ola bilər. Ancaq ikitərəfli əlaqələrin inkişafı fonunda Kremlin Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə edəcəyi, Ermənistana təsir edib əraziləri boşaldacağı yaxın perspektivdə görünmür. Hadisələrin inkişaf axarında Moskva ilk növbədə Azərbaycanı öz regional təşkilatlarına üzv edib, sonra münaqişənin həllinə ciddi yanaşmasını ortaya qoymaq istəyir”.

M. Əsədullazadə bildirib ki, Rusiyanın Azərbaycandan istəkləri çoxdur, amma Azərbaycanın Rusiyadan tək bir istəyi var:

“Bu da Qarabağ münaqişəsində neytrallallığını elan etməsidir. Ancaq Bakı ilə Moskva arasında sıxlaşan bu əlaqələr fonunda, rəsmi Kremlin bunu edib-etməyəcəyi düşündürücü sual olaraq qalır. Ona görə də, Azərbaycan Rusiyanın geosiyasi layihələrinə razılıq verməməlidir. Rusiyanın ölkəmizin daxili siyasətinə təsir mexanizmlərinə gəldikdə isə, bu hələki davam edir”.

Firuzə Vahid / REDAKTOR.AZ