İlham Əliyevin yeni köməkçisi kimdir? - DOSYE

 16:22 29.11.2019     896

Bu gün Şahmar Mövsümov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi təyin olunub.

Redaktor.az-ın məlumatına görə, Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub. O, 1990-1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini, 2003-2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb. İngilis, fransız, rus, türk dillərini bilir. Ailəlidir, üç övladı var.

Şahmar Mövsümov 1995-2005-ci illərdə Mərkəzi Bankda beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005-2006-cı illərdə isə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

O, 15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib. 12 iyun 2006-cı ildən isə Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavinidir.

Oral Mədənçi / Redaktor.az