Paşinyan Qarabağa getdi, Lavrov isə Bakıya gəlir - MÜƏMMALI SƏFƏR...

 12:45 02.12.2019     798

Rusiya və Azərbaycan XİN-nin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdiriləcək.  

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə üst-üstə düşməsinin səbəblərinə diqqət çəkib.

Politoloq hesab edir ki, Robert Köçəryan və Serj Sarkisyan ikisi də qabarağlı olsa da, heç Paşinyan qədər Dağlıq Qarabağa gəlmirdilər:

“Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir. Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır”.

Politoloq bildirib ki, Paşinyanın Dağlıq Qarabağa gəlişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin üst-üstə düşməsi olduqca maraqlıdır:

“Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınmasının vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndindəykən, Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq. Çünki Azərbaycanla körpüləri tamamilə yandırmaq istəməzlər. Digər tərəfdən, Lavrov İrəvanda imzaladığının eynisini Bakıda da imzalayacaq”.

Firuzə Vahid / REDAKTOR.AZ