Ermənistanda ciddi qarşıdurma olacaq - Rusiya Qarabağ klanından İMTİNA ETMİR

 12:25 02.12.2019     612

Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanla kilsə arasında artan gərginliyə münasibət bildirib.

Politoloq hesab edir ki, Paşinyanın verdiyi vədlərin reallaşmaması ona qarşı etirazların yeni mərhələsini başlada bilər:

“Baş nazir Nikol Paşinyana qarşı Eçmiədzin din xadimlərinin tənqidləri getdikcə artır. Çünki, inqilabdan sonrakı dövrdə ölkədə siyasi-iqtisadi inkişaf nəzərə çarpmır. Sosial vəziyyət hər keçən gün ağırlaşır, ermənilərin qazanc dalınca ölkəni tərk etməsi intensivləşib. Yeni dönəmdə etirazların Eçmiədzindən idarə olunması mümkündür. Çünki Paşinyanın Ermənistanın dini lideri Qaregin və Qarabağdakı ermənilərin patriarxı ilə münasibəti kəskindir. Əsas səbəblərdən biri budur ki, Paşinyan kilsənin siyasətə təsirini zəiflətməyə çalışır. Bu da kilsə ilə hakimiyyət arasında böhranın dərinləşməsinə səbəb olub. Həmçinin, kilsə “Qarabağ klanı” ilə daha çox yaxındır. Sarkisyan rejimi kilsə vasitəsi ilə öz hakimiyyətini möhkəmlətməklə, keşişlərin dövlətin siyasi sturukturlarına təsir etmək imkanı verib”.

M. Əsədullazadə bildirib ki, gələn ilin aprelində işğal olunmuş ərazilərdə qondarma quruma seçkilər keçiriləcək:

“Buradakı kilsə Qarabağ klanını dəstəkləyir. Proseslər Nikol Paşinyanın əleyhinə gedərsə, kilsə və Qarabağ klanın birləşməsi fonunda Rusiyanın bunlara dəstəyi reallaşa bilər. Paşinyan Qarabağdakı separatçı quruma öz adamını gətirməyə çalışsa, Şuşadakı Kilsə ilə Qarabağ klanı hərəkətə keçəcək, Rusiya da bunlara dəstək verəcək. Çünki Rusiya da Qarabağ klanının tam tərkibdə siyasi proseslərdən uzaqlaşmasını qəbul etmir. Bu baxımdan Ermənistanda növbəti aylarda siyasi proseslərdə ciddi qarşıdurma olacaq”.

Politoloq qeyd edib ki, Paşinyan beynəlxalq təşkilatlar yanında münaqişədə Ermənistan tərəfinin iştirakını inkar edir:

“Erməni baş nazir növbəti dəfə işğal olunmuş ərazilərə gələrək, qoşunların təmas xəttində müşahidə aparıb. Bu səfər onun dediklərinin əksidir və birbaşa işğalçı tərəf olduğunun sübutudur. Paşinyanın cəbhə xəttinə yaxınlaşmasına imkan verilməməli, onun maşın korteji vurulmalıdır ki, arqumentləri puç olsun. Beynəlxalq təşkilatlar görsün ki, birbaşa “demokratik” maskalı Paşinyan işğalın başında durub. Gələn ilin aprelinə kimi Ermənistan və Azərbaycan arasında qarşıdurma riski gözlənilmir. Cəbhə xəttində nisbi sakitlik gözlənilir. Azərbaycanda keçiriləcək bələdiyyə və növbədənkənar parlament seçkiləri, həmçinin rəsmi İrəvanın Qarabağdakı qondarma seçkiyə hazırlaşması danışıqlarda aktivliyi aşağı salmamalıdır. Gələn il apreldən sonra danışıqlarda yeni mərhələ olacağı istisna deyil”.

Firuzə Vahid / REDAKTOR.AZ